"Türkiyə son illərdə Suriya və İraqda oxşar hərbi əməliyyatlar həyata keçirir. Burada əsas məqsəd terrorun kökünü kəsməkdir. Nə qədər ki, Suriya və İraqda PKK-a bağlı terrorçular var, bu, hər zaman Türkiyə üçün təhlükə mənbəyi olacaq".
Bu barədə e-huquq.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyənin İraqın şimalında başlatdığı antiterror əməliyyatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə terrorçulara qarşı əsasən iki istiqamətdə fəaliyyət göstərir: "Ölkə daxilində PKK-çıları neytrallaşdırır və onlar çox az sayda qalıblar. Həm də ölkədən kənarda xüsusən də Suriya və İraqda neytrallaşdırmağa çalışır, bazalarını və logistik sistemlərini məhv edir. Bu o demək deyil ki, PKK terroru tam iflasa uğrayacaq, amma deyə bilərik ki, terrorçular son illərdə xeyli zəifləyiblər. Yəni, əvvəlki gücləri və dəstəkləri də qalmayıb. Əgər əvvəllər Türkiyə İraqda əməliyat keçirməkdə çətinlik yaşayırdısa, İraq hökuməti buna etiraz edirdisə, indi İraq hökuməti də anlayır ki, PKK terrorçuları İraqın özü üçün də təhlükə yaradır. Ona görə də bu tip əməliyyatları anlayışla qarşılayır.
Beynəlxalq birliyin “Pənçə Kilidi” Əməliyyatına reaksiyasına gəlincə, politoloq bu əməliyyatın anlayışla qarşılanacağını hesab edir: "Beynəlxalq birliyin başı son zamanlar davam edən Rusiya-Ukrayna münaqişəsinə qarışıb. Yəni, bu məqamda Türkiyə maraqlarına xidmət edir. Eyni zamanda beynəlxalq birlik də anlayır ki, bu, İraqa deyil, orada yerləşən PKK terrorçularına qarşı hücumdur. Ona görə də hücum başlayandan Türkiyə əleyhinə hər hansı sərt açıqlama verilməyib”.
Rəşid Qarayev
