Türkiyədə məhkəmə binasında polis tərəfindən fiziki zorakılığa məruz qalan vəkil Orhan Alphana dəstək məqsədilə aksiya keçirilib.
E-huquq.az xəbər verir ki, Batman vilayətində keçirilən aksiyada Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan da iştirak edib.
Batman məhkəməsi önündə çıxış edən E.Sağkan bildirib ki, son 3 ayın statistikası Türkiyədə vəkillərin təhlükədə olduğunu göstərir. Onun sözlərinə görə, cari ilin 3 ayı ərzində Türkiyədə 21 vəkil xəsarət alıb, 3 vəkil öldürülüb, 7 vəkil isə intihar edib.

"Vəkillərin qarşılaşdıqları sosial-iqtisadi çətinliklər, fiziki zorakılıq və intihar hallarının araşdırılması üçün komissiyanın yaradılması barədə tələblə aprelin 4-də Türkiyə Böyük Millət Məclisində təmsil olunan bütün siyasi partiyalara müraciət etdik, lakin rədd cavabı aldıq. Tələbin rədd edildiyi gündən sonra da vəkillərə qarşı fiziki zorakılıq halları yaşanıb. Öncə Şırnakda polis əməkdaşı vəkilin üzərinə avtomobilini sürərək onu öldürməyə cəhd etdi. Daha sonra isə Batmanda vəkil həmkarımız vəzifəsini icra edərkən fiziki zorakılığa məruz qaldı. Ona görə də hesab edirəm ki, tələbimizin rədd edilməsi adi bir hal deyil. Bu, vəkillərə qarşı zorakılığın artmasına səbəb olacaq", – deyə Sağkan qeyd edib.
Vəkillər üçün xüsusi imtiyaz tələb etmədiklərini vurğulayan Sağkan, sadəcə müdafiə hüququnun təmin edilməsini istədiklərini deyib: “Çünki hər zaman vurğuladığımız kimi, vəkillərə qarşı edilən zorakılıq həm insanların müdafiə hüququna müdaxilə edilməsidir. Ona görə də bu kimi zorakılıqlar olduğu halda biz hər zaman vətəndaşlarımızın müdafiə hüquqlarının təmin edilməsi üçün çalışacağıq".
