Məzmuna keç

Politoloq: “Cəbrayılın işğaldan azad olunması Azərbaycan üçün geniş imkanlar yaratdı”

“Cəbrayılın işğaldan azad edilməsi, təkcə güc balansının deyil, psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Cəbrayıl şəhərinin işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, 27 il davam edən Cəbrayıl işğalına son qoyulmasından artıq iki il ötür. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbarayıl rayonu iki il əvvəl 2020-ci il oktyabr ayının 4-də Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu: "Müstəqil ekspertlərin hesablamalarına görə, işğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Belə ki, işğal dövründə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbəvə məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

Politoloq qeyd edib ki, Cəbrayılın azad olunması üçün Ordumuzun hazırlığı hələ 2016-cı ilin Aprel Müharibəsi ilə başlanmışdı: "Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi, Füzuli-Cəbrayıl maqistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayılın işğaldan azad olunması həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı. ​Onu da qeyd edim ki, Cəbrayıl şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.

​Cəbrayılın işğaldan azad olunması ilə həm də Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin bizim üçün adi bir körpü deyil, həm də bir milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da , yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab Prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı. Təbii ki, Cəbrayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir: "Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu igidliyin bariz nümunəsidir. ​Məhz onların igidliyinin və qəhrəmanlığının göstəricisidir ki, biz artıq rayonlarımızın işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik".

Y. Bağırzadə deyib ki, bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətli bərpa quruculuq işləri həyata keçirilir: "“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. bp şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.

​Keçən il Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlqoyma mərasiminin keçirilməsi, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı və digər bu kimi tədbirlər onu deməyə əsas verir ki, hər birimiz tezliklə Cəbrayılda normal yaşayışın təmin olunmasının və həsrətlə öz yurd-yuvalarına qayıtmaq istəyən insanlarımızın dədə-baba ocaqlarının qayıdışının şahidi olacağıq”.