Məzmuna keç

Ombudsman həssas qrupların müdafiəsi ilə bağlı maliyyə dəstəyi təklif edib

Həssas qrupların sosial müdafiəsi ilə bağlı maliyyə dəstəyi təklif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxış edib.

S.Əliyeva çıxışı zamanı bir sıra istiqamətlərə diqqət yetirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

O, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidən hazırlanması və rəqəmsal bacarıqlarının inkişafı üzrə proqramlara maliyyə dəstəyinin nəzərə alınmasını təklif edib.

Ombudsman, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesində həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, ucqar yaşayış məntəqələrində sosial əhəmiyyət daşıyan, lakin kommersiya baxımından az rentabelli olan sərnişindaşıma marşrutlarının fəaliyyətinin maliyyə mexanizmləri vasitəsilə dəstəklənməsini təklif edib.

S.Əliyeva iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi zamanı həssas qrupların ehtiyaclarının da nəzərə alınmasını, o cümlədən əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanlarının təmin edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.