Oktyabrın 13-də Strasburqda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) pilot məhkəmələr şəbəkəsinin növbəti – 15-ci toplantısı keçirilib.
CEPEJ Prezidentinin və katibliyinin məsul şəxlərinin, habelə ekspertlərinin, Avropa Şurasına üzv dövlətlərin nümayəndələrinin qatıldığı tədbirin gündəliyi kifayət qədər əhatəli olub. Toplantıda ölkəmizi CEPEJ-in pilot məhkəmələr şəbəkəsinə daxil olan Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov təmsil etmişdir.
CEPEJ-in əsas nailiyyətləri və prioritetləri mövzusu çərçivəsində pilot məhkəmələrin və ekspertlərin cəlbedici məhkəmə təcrübəsinə və məhkəmələrdə işin təşkilinə, qadınların məhkəmələrə çatımlığının təmin edilməsi, hakimlərin seleksiyası və irəli çəkilməsi zamanı gender müxtəlifliyinin təminatı barədə təqdimatları dinlənilib.
Müzakirə və çıxışlar zamanı pilot məhkəmələrin nümayəndələri CEPEJ alət və indikatorlarının tətbiqinin mülki mühakimə icraatı zamanı vaxtın idarə edilməsinə pozitiv təsiri, COVİD – 19 Pandemiyası zamanı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin postpandemiya dövründə də implementasiyasının mümkünlüyü, ümumən CEPEJ alətlərinin üzv ölkələrin milli səviyyəsində daha geniş tətbiqi imkanları barədə fikir və rəylərini bildiriblər.
Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov müzakirələr zamanı çıxış edərək Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının prioritetlərinə diqqəti cəlb edib. Qeyd olunub ki, ölkəmizdə hakimlərin seçimi və təyinatı zamanı gender təmsilçiliyi üçün bərabər şəraitin yaradılmasına xüsusi önəm verilir. O bildirib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son üç il ərzində vakant hakim vəzifələrinə təyin olunanların 49,4%-ni qadınlar təşkil edib.
Tədbirin gedişatında məhkəmə proseslərinin keçirilməsi, məhkəmə qərarlarının icrası zamanı mütərəqqi innovasiyaların, o cümlədən elektron (online) auksionların keçirilməsi imkanlarına dair və maraq doğuran digər xarakterli faydalı fikir və təcrübə mübadiləsi aparılıb.



