Məzmuna keç

Məhkəmə sədri Konstitusiya Məhkəməsinə müraciət etdi

Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, məhkəmə sədri Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2 və 3-cü bəndlərinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə uyğunluğunun yoxlanılmasını xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə XXXX oğlu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, XXXX oğlunun 07 noyabr 2020-ci il tarixdən 09 noyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

Hökmə əsasən, təqsirləndirilən şəxs oğlu etibardan sui-istifadə etmə ve aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı XXXX oğlunun etibarından sui-istifadə edib onun övladını Mingəçevir şəhərində yerləşən dövlət qurumuna işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2019-cu il dekabr ayında Yevlax rayonunun Havarlı kəndində 3000 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı XXXX oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin etibarından sui-istifadə edib onun işindən xaric edilmi. övladını yenidən xidmətə bərpa etdirəcəyinə yalan vad verib aldadaraq, 10000 manat məbləğdə pulunu alaraq, qabaqcadan aralarında olan razılığa əsasən, həmin pulun 5000 manatını XXXXX oğluna verərək, qalan 5000 manatını isə özü ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Qeyd edilən əmələ görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, XXXXX oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışıXXXXX oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındaXXXXX oğlunun etibarından sui-istifadə edib onun işindən xaric edilmiş oğlu XXXXX oğlunu xidmətə bərpa etdirmək adı ilə almış olduğu 10000 manat məbləğdə pulun, özünə düşən pay hissəsini, yəni 5000 manatını zərərçəkmiş şəxs XXXXX oğluna ödəmiş, qrupun digər üzvü olan XXXXX oğlu isə öz payına düşən 5000 manat ziyanı ödəməmişdir. Apellyasiya məhkəməsində kollegiyanın iclası zamanı müdafiə tərəfindən XXXXX oğlunun zərərçəkmiş şəxs XXXXX oğlunun etibarından sui-istifadə edib onun oğlu XXXX Mingəçevir şəhərində yerləşən dövlət qurumuna işə düzəldəcəyini yalan vəd verib aldadaraq, almış olduğu 3000 manat məbləğdə pulunu və ümumilikdə hazırkı cinayət işi üzrə onun payına düşən ziyanının, yəni 8000 manatın iyirmi beş faizin miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirilərək təqsirləndirilən şəxs XXXXX oğlunun cinayət məsuliyyətindən azad olunması xahiş olunmuşdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində isə göstərilir ki, bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Lakin hazırkı cinayət işində isə, təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin birini tək törətsə də, digər əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında XXXXX oğlunun etibarından sui-istifadə edib onun işindən xaric edilmiş övladını xidmətə bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq, 10000 manat məbləğdə pulunu alaraq, qabaqcadan aralarında olan razılığa əsasən, həmin pulun 5000 manatını XXXXX oğluna verərək, qalan 5000 manatını isə özü ələ keçirərək zərərçəkmiş şəxs XXXX oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs XXXX oğlu hər iki epizod üzrə, yəni birinci epizod üzrə zərərçəkmiş şəxsə dəymiş 3000 manatın, ikinci epizod üzrə isə zərərçəkmiş şəxsə dəymiş 10000 manatın özünə düşən payını, yəni 5000 manatını ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Digər təqsirləndirilən şəxs XXXX oğlu isə öz payına düşən 5000 manat ziyanı ödəməmiş və onun payına düşən ziyanla bağlı dövlət büdcəsinə iyirmi beş faiz miqdar ödənilməmişdir. Belə olan halda isə XXXX oğlu hər iki epizod üzrə ümumilikdə hazırkı cinayət işi üzrə onun payına düşən ziyanın, yəni 8000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş olsa da, imperativ norma olan Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında ödəniş dövlət büdcəsinə ödənilməmiş qalır.

Qənaətimizə görə, XXXX oğluna qarşı CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair işə məhkəmədə baxılarkən Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2 və 3-cü bəndlərinin həmin Məcəllənin 73-1.2 ve 73-1.3-cü maddələrinin müddəalarına uyğunluğunun yoxlanılması və Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh olunması barədə Konstitusiya Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunduğu kimi bizim qənaətimizə görə, XXXX oğlu hər iki epizod üzrə ümumilikdə hazırkı cinayət işi üzrə onun payına düşən ziyanın, yəni 8000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş olsa da, imperativ norma olan Cinayət Məcəlləsinin 73 1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında ödəniş dövlət büdcəsinə ödənilmədiyindən, o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödədikdən sonra cinayət məsulliyyətindən azad edilməli və gələcəkdə digər təqsirləndirilən şəxs yalnız öz payına düşən zərərçəkmiş şəxsə dəymiş zərəri (payına düşən hissə ilə bağlı artıq dövlət büdcəsinə iyirmi beş faiz ödənildiyindən, həmin hissə ilə bağlı dövlət büdcəsinə ödəniş etmədən) ödəyib cinayət məsuliyyətindən azad edildiyi halda, ondan tələb etmək hüququ izah edilməlidir.

Belə ki, digər təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaq uçün gələcəkdə zərərçəkmiş şəxsə ziyanı və özünə düşən payın iyirmi beş faizini dövlət büdcəsinə ödəməyə bilər ki, bununla da Cinayət Məcəlləsinin 731.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı dövlet büdcəsinə ödənilməmiş qalır. Eyni zamanda hesab edirik ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2 və 3-cü bəndləri, əməli törətmiş təqsirləndirilən şəxslərin eyni zamanda və zərərçəkmiş şəxsə dəymiş ziyanın real ödənildiyi halları özündə ehtiva etsə də, ziyanın bir qisminin digər təqsirləndirilən şəxslər tərəfindən ödənilməməsi halını özünde ehtiva etmir ki, bu da Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələri ilə ziddiyyət yaradır.

Ona görə də analoji hallarda işlərə məhkəmələrdə baxılarkən Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2 və 3-cü bəndlərinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələrinin müddəalarına uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, eləcə də "Insan hüquqlarının ve esas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 7-ci maddələrinə uyğunluğu kontekstində şərh olunması barədə Konstitusiya Məhkəməsinə müraciət edilməsi məqsədəuyğundur".