Oktyabrın 21-də Avropa Şurası Bakı Ofisinin təşkilatçılığı ilə Marriott JW Abşeron Mehmanxanasında “Avropa məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Avropa Şurasının, dövlət və qeyri-dövlət orqanlarının rəhbər və nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
Mərasimdə layihənin əsas məqsədi barədə məlumat verilərək qeyd olunub ki, layihə Azərbaycanda insan hüquq və əsas azadlıqlarının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq həyata keçirilməsini gücləndirmək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının və Avropa Şurasının digər müvafiq sənədlərinin vaxtında və səmərəli icrasını təmin etmək məqsədini güdür və icra müddəti 18 aydır.
Layihənin tərəfdaşlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nаzirliyi, Baş Prokurorluğu, Vəkillər Kollegiyası, İnsan Hüquqları üzrə Müvəkkilinin olması vurğulanıb.
Eyni zamanda tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “İnsan hüquqlarının müdafiəsi mexanizmlərinin fəaliyyətində vəkillərin rolu” mövzusunda çıxış edib. O öz çıxışında, vəkillərin bu sahədəki rolu, onların insan hüquqlarının müdafiəsi zamanı rastlaşdıqları problemlər, Kollegiyanın bu sahədəki uğurları, vəkillərin insan hüquqları sahəsində tədrisi barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində iştirakçıların layihə ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran layihə ilə bağlı mövuzlar ətrafında diskussiya aparılıb.
