Oktyabrın 20-də Fransanın Strasburq şəhərində Avropa Şurasının 46 üzv dövlətinin məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə statistik məlumatlarına məsul olan şəxslərin – Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Milli Əlaqələndiriciləri Şəbəkəsinin 16-cı toplantısı keçirilib.
E-huquq.az-ın məlumatına görə, iclasda oktyabr ayının 5-də rəsmi dərc olunmuş CEPEJ-in “Avropa Məhkəmə Sistemləri” adlı monitorinq hesabatı ətrafında müzakirələr aparılıb, Avropa məkanında ədliyyə sahəsində mövcud olan tendensiyalar qeyd olunub, hesabatın yayılması və ondan daha səmərəli istifadə olunması zəruriliyi bildirilib.
Eyni zamanda CEPEJ rəhbərliyi ilə oktyabr ayının 21-də Strasburqda “Avropa Rəqəmsal Ədliyyə Şəbəkəsi”nin ikinci illik toplantısı keçirilib. İclasda bir çox Avropa ölkəsindən rəhbər şəxslər və ekspertlər iştirak edib, İtaliyanın Bokkoni Universitetinin professoru Oreste Pollicinonın “İnternetdə fundamental hüquqların məhkəmə müdafiəsi” adlı elmi nəşrlə bağlı fikirləri, həmçinin məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqinin riskləri, informasiya təhlükəsizliyi məsələləri, rəqəmsal dövrdə insan hüquq və əsas azadlıqların təmin olunması və başqa mövzularda müxtəlif məruzələr dinlənilib. Toplantıya Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbəri Ramin Qaraqurbanlı rəhbərlik edib.
Qeyd edək ki, həmin hesabat dünya miqyasında Avropa dövlətlərində məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə yeganə istinad mənbəyidir. Hesabatda hakim, prokuror, vəkil sayı, onların intizam məsələləri, məhkəmələrin iş yükü, bu sahələrə dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərinin həcmi və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən təşkilatların fəaliyyətinə dair digər ümumiləşdirilmiş statistik məlumatlar öz əksini tapır. 2004-cü ildən başlayaraq iki ildən bir nəşr olunan həmin irihəcmli və əhatəli hesabatların hazırlanması işi Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilir. Hazırda Avropa ölkələrində, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən bir çox məhkəmə-hüquq islahatları məhz həmin hesabatlarda əks olunan göstəricilərə əsaslanaraq aparılır. Bu hesabatın əhatə olunduğu 46 ölkədən başqa, Avropa məkanından kənar olan, məsələn İsrael, Qazaxıstan, Mərakeş kimi dövlətlər də öz statistik məlumatları ilə bölüşməyə başlayıblar.



