Məzmuna keç

Sumqayıt Şəhər Məhkəməsində “Açıq Qapı Günü” keçiriləcək

05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-nin Avropada mülki ədalət mühakiməsi günü kimi qeyd edilməsi qərara alınıb. Bu günün keçirilməsində məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşının mülki hüquqlar və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılmasıdır.

Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Mülki ədalət mühakiməsi günü ilə əlaqədar 25 oktyabr 2022-ci ildə saat 10:00-dan 17:00-dək Sumqayıt Şəhər Məhkəməsində “Açıq Qapı Günü” keçiriləcəkdir.

Ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanış olmaq, ölkəmizdə məhkəmə fəaliyyəti sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılmaq, hüquqlarınızın müdafiə mexanizmləri, məhkəməyə müraciət qaydaları və s. bu kimi məsələlər barədə məlumat və məsləhətlər almaq üçün Sumqayıt Şəhər Məhkəməsinə (Sumqayıt şəhəri, Sülh prospekti 70.) müraciət edə bilərsiniz.