Məzmuna keç

“Zərərçəkmişin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında uyğunsuzluq var” –

Oktyabrın 27-də Ukraynada həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlı və Sübhan Quliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə e-huquq.az-a Misir Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, məhkəmədə şahid dindirilib: "İfadəsində məlum oldu ki, o, zərərçəkmişi cəmi iki gündür tanıyır. Çıxışdan hiss olunurdu ki, onun hadisədən xəbəri yoxdur. Məhkəmədə ona ünvanlanan sualların heç birinə normal cavab verə bilmədi. Onun istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə ziddiyət təşkil edir. Həmçinin o, məhkəmədə ifadəsi zamanı izahatını bir neçə dəfə dəyişdi".

Vəkil prosesdə zərərçəkmiş şəxsin də ifadə verdiyini bildirib: "Zərərçəkmiş "Viber" vasitəsilə prosesə qoşuldu. Onun davranışları adekvat deyildi. İstintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında uyğunsuzluq var idi. Hətta o, ağzından qaçırdı ki, məlum işlə bağlı polislər ona 3 min dollar pul təkllif edib".

A.Rəfiyeva növbəti məhkəmə iclasının noyabrın 1-nə təyin olunduğunu deyib.

Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya vətəndaşının şikayəti əsasında saxlanılıb. Onlara qarşı irəli sürülən ittihamlar 1 ildən çoxdur ki, sübut olunmur. Misir Qasımlı və Sübhan Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.