Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan Türkiyə vətəndaşını azadlığa buraxdı

Bu gün Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmədə və dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham edilən Türkiyə vətəndaşı Oktay Çunar barəsində məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Təqsirləndirilən şəxsin vəkili İsrafil Əlili e-huquq.az-a açıqlamasında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayət təmin edilib. Belə ki, məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin vəsatəti təmin edilib və O. Çunar məhkəmə iclas zalından azadlığa buraxılıb: "Artıq 10 aydır hüquqlarını müdafiə etdiyim, günahsızlığına tam əmin olduğum Türkiyə vətəndaşı bugün Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərarı ilə uzun müddətdən sonra azadlığa çıxdı".

Vəkil deyib ki, O. Çınar barəsində ibtidai istintaq araşdırması hazırda davam edir.