Məzmuna keç

“Hakimlər cinayət işləri üzrə əlavə zərərin ödənilməsi barədə iddiaları da təmin etməlidirlər”

Bildiyiniz kimi oğurluq, dələduzluq, quldurluq və digər mülkiyyət cinayətləri nəticəsində zərərçəkənlər müəyyən məbləğlərdə ziyana düşürlər.

Məhkəmələr bir qayda olaraq cinayət yolu ilə ələ keçirilən və istintaqda sübut olunmuş məbləğ həcmində zərərçəkmiş şəxslərə ziyanların ödənilməsi barədə hökm çıxarırlar. Tutaq ki, cinayət törədən şəxs dələduzluq yolu ilə 5000 manat məbləğində pul mənimsəyib. Amma 5000 manatı mənimsənilən şəxs törədilən cinayət nəticəsində əlavə olaraq 3000 manat ziyana düşüb.

Məhkəmələr adətən 5000 manatın ödənilməsi barədə qərar çıxarırlar, lakin 3000 manatın ödənilməsi barədə mülki iddiaları təmin etmirlər. Qərarlarını da belə əsaslandırırlar ki, istintaq zamanı yalnız mənimsənilən əsas zərər müəyyən edilib və zərərçəkmiş şəxslər hökm çıxdıqdan sonra mülki qaydada iddia qaldırmaqla cinayət nəticəsində yaranmış əlavə məbləğin tutulmasını tələb edə bilərlər. Bu isə zərərçəkən şəxslərin başqa bir məhkəmədə iddia qaldırıb əlavə zaman sərf etməsinə və hüquqi yardım üçün pul xərclənməsinə səbəb olur.

Əmlak cinayətləri üzrə zərərçəkənlərin hüquqlarını müdafiə edərkən həmişə cinayət nəticəsində yaranmış əlavə zərərlərin ödənilməsinə çalışmışam. Məqsəd təbii ki, zərərçəkənin cinayət nəticəsində itirdiyi gəlirin, məruz qaldığı əlavə zərərin bir cinayət işi çərçivəsində alınmasına nail olmaq və beləliklə onların hüquqlarının keyfiyyətli müdafiəsinə nail olmaqdır. Uzun müddət idi ki, apardığım cinayət işində zərərçəkən şəxsin istintaq zamanı müəyyən edilmiş ziyandan əlavə məruz qaldığı zərərin sübut edilməsi və ödənilməsi üçün çalışırdım. Nəhayət bu gün Yasamal Məhkəməsində zərərçəkənin cinayət nəticəsində məruz qaldığı əlavə zərərin tutulması barədə hökmün çıxarılmasına nail olduq.

Əksər hallarda ədalətli məhkəmə təcrübəsi vəkillərin apardıqları düzgün, ardıcıl və çevik peşə fəaliyyəti nəticəsində formalaşır. Ümid edirəm ki, vəkil həmkarlarım ilə birlikdə cinayət işləri üzrə əlavə zərərlərin ödənilməsi üçün müsbət məhkəmə təcrübəsinin formalaşmasına nail olacağıq.

Vamiq Şükürov

Vəkillər Kollegiyasının üzvü