Vəkillər Kollegiyasının üzvü, BDU-nun dosenti Monteneqroda keçirilən “3-cü Avrasiya Hüquq Qurultayı”nda Azərbaycanı təmsil edib.
E-huquq.az xəbər verir ki, 2-5 noyabr tarixlərində Monteneqro Respublikasının Budva şəhərində “Beynəlxalq dəniz hüququ və dəniz ticarəti hüququ” mövzusunda “3-cü Avrasiya Hüquq Qurultayı” keçirilib. Qurultayda dünyanın 42 ölkəsindən 300-ə yaxın alim, vəkil, hüquqşünas iştirak edib. Qurultayda Azərbaycanı Vəkillər Kollegiyasının üzvü, BDU-nun dosenti, hüquq üzrə fəlsəfədoktoru Natiq Əsgərov təmsil edib. O, Azərbaycanın beynəlxalq dəniz hüququ çərçivəsində “dənizə sahili olmayan dövlət” olduğunu və buna görə də beynəlxalq dəniz müqavilələri ilə belə dövlətlər üçün nəzərdə tutulan hüquq və səlahiyyətlərdən istifadə etmək hüququna sahib olduğunu bildirib.
Natiq Əsgərov çıxışında qeyd edib ki, “Dünyadakı dövlətlərin təxminən 1/5'i “dənizə sahili olmayan dövlət”dir və Xəzər dənizi sahilində yerləşən Azərbaycan da bu dövlətlər sırasına aiddir. Volqa-Don və Volqa-Baltik çay-kanal şəbəkəsi vasitəsi ilə Qaradəniz və Baltik dənizinə çıxışı olan Xəzərin hüquqi statusuilə bağlı uzun illər fərqli yanaşmalar olmuşdur. Xəzər bəzən “qapalı dəniz”, bəzən “sərhəd gölü”, bəzən də özünəməxsus xüsusiyyətləri olan “su hövzəsi” kimi xarakterizə olunmuşdur. Daha əvvəllər imzalanan beynəlxalq müqavilələrin heç birində Xəzərin hüquqi statusu məsələsinə qiymət verilməmişdir. Lakin 2018-ci il avqustun 12-də imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da ilk dəfə Xəzərin hüquqi statusu müəyyən edilərək, Xəzərin beş sahilyanı dövlətin quru ərazisi ilə əhatə olunan “su hövzəsi” olduğu təsbit edilmişdir. Baxmayaraq ki, hazırda bu Konvensiya qüvvəyə minməmişdir, ancaq Xəzər beynəlxalq səviyyədə dəniz kimi tanınmadığına görə Xəzərin sahilində yerləşən Azərbaycanın da “dənizə sahili olmayan dövlət” olduğu qəbul edilməlidir. Buna uyğun olaraq beynəlxalq dəniz hüququ ilə bu cür dövlətlərə tanınan bütün hüquqlara və səlahiyyətlərə Azərbaycan da sahibdir.
Azərbaycan Respublikası 4 mart 2016-cı il tarixində “dənizlərin konstitusiyası” adlandırılan “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na qoşulmuşdur. Bununla Azərbaycan həmin Konvensiyanın 11-ci bölməsi ilə dənizə sahili olmayan dövlətlərə tanınan dənizlərə giriş-çıxış hüququna və tranzit azadlığına sahib olmuşdur. Eləcə də, həmin Konvensiyaya əsasən açıq dənizlərin sərbəstliyi hüquqlarından, həmçinin müstəsna iqtisadi zonada, bitişik zonada və kontinental şelfdə vəhətta başqa dövlətlərin suverenliyi altında olan daxili sularda (düz xətt metodu ilə müəyyənləşdirildiyi halda), ərazi sularında vəarxipelaq sularında dənizə sahili olmayan dövlətlərə tanınan hüquq və səlahiyyətlərdən Azərbaycan da tam şəkildə istifadə etmək hüququna və səlahiyyətinə malikdir.”
