Bakı Kommersiya Məhkəməsinin rəhbərliyi Zəfər Günü münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun ailəsini ziyarət edib.
E-huquq.az-ın məlumatına görə, məhkəmənin sədri İlham Əhmədov ailənin qayğıları ilə maraqlanıb, onlara daim dəstək tədbirləri göstəriləcəyi vurğulanıb. Bildirilib ki, Vətən müharibəsində ədliyyə və məhkəmə işçiləri də fəal iştirak ediblər. Qeyd edilib ki, xalqımız və dövlətimiz torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdardır və qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyir. Hər kəs Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyur.
Məhkəmə rəhbərliyi Ruhin Xəlilovun timsalında bütün şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Şəhid ailəsi də öz növbəsində onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
Xatırladaq ki, Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək 2020-ci il oktyabrın 21-də şəhid olub. Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Nazirlik tərəfindən ona "Fəxri ədliyyə işçisi" adı verilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

