Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı Günü ölkənin hər bir bölgəsində bütün ədliyyə işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Azərbaycan ədliyyəsinin yaranması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə – 1918-ci il mayın 28-nə təsadüf edir. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi bir sıra enişli-yoxuşlu yollardan keçmişdir. Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş və beləliklə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə sistemi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə və uğurlara imza atır. 2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanmışdır. Prezidentin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmiş, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı isə ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülmüşdür.
Şanlı qələbə əldə edərək işğal olunmuş torpaqlarımızın azad olunması ilə həmin bölgələrdə də qayğı və diqqət son dərəcə artırılmışdır. Belə ki, azad edilmiş ərazilərimiz dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətli bərpaişləri getməklə bu çərçivədə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı nazirlik tərəfindən Zəngilan rayonu Ağalı kəndində və Şuşa şəhərində innovativ metodlar əsasında səyyar ədliyyə xidmətlərinin göstərilməkdədir.
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun da nazirliyə rəhbərliyi dövründə Azərbaycan ədliyyəsinin inkişafı üzrə davamlı tədbirlər davam etdirilmiş, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlət başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilmiş, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilmiş, o cümlədən nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilmişdir. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən bu və mətbuatda mütəmadi işıqlandırılan digər məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür.
Beləlilkə, bu gün hər bir ədliyyə işçisi Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm cənab Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışmaqda davam edir, bu qurumun adı altında çalışmaqdan hər zaman böyük sevinc və qürur hissi duyur.
Ramin Xəlilov
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
