Məzmuna keç

Ali Məhkəmədə açıq qapı günlərinə start verildi –

2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

E-huquq.az xəbər verir ki, noyabrın 18-də Ali Məhkəmə tədbirlər çərçivəsində vətəndaşlar üçün öz qapılarını açıb. Vətəndaşlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Ali Məhkəmə ilə tanışlıq çərçivəsində Mülki kollegiyanın hakimi İsmayıl Xəlilov və Aparat rəhbəri Elvin Hətəmzadə vətəndaşlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu və məhkəmənin iş rejimi və sair barədə məlumatlar verib, vətəndaşların suallarını cavablandırıblar.

Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilib.

Sonda vətəndaşlar xoş təəssüratlarını bölüşüb, tanışlıq səfərinin yüksək səviyyədə təşkil olunması üçün Ali Məhkəmənin rəhbərliyinə təşəkkürlərini bildirib, xatirə fotoşəkli çəkdiriblər.