Məzmuna keç

Çingiz Əsgərov: “Ali Məhkəmənin Plenumu vahid məhkəmə təcrübəsinə dair çox vacib qərarlar qəbul edib”

Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanında verilmiş tövsiyədən sonra 2019-cu ilin noyabr ayında "Məhkəmələr və hakimlər haqqında" qanununa yeni müddəalar daxil edilib. Bu müddəalar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məsələsini bilavasitə nizamlamağa yönəlib. İlk növbədə qanunvericilik vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının məqsədlərini məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək kimi müəyyən edib. Eyni zamanda ölkəmizin hüquq sistemində ilk dəfə olaraq presedent hüququna aid müddəalar müəyyən edilib. Belə ki, qanuna görə, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə, Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır".

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəməninin sədr müavini Çingiz Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, digər bir istiqamət kimi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu tərəfindən məsələyə baxılması və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərarın qəbul edilməsi müəyyən edilib.

"Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarlarla bağlı qərar qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin təşkil edilməsi də nəzərdə tutulur. Monitorinq ən azı bir il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilib. Belə ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün qanunvericilikdə üç əsas istiqamət müəyyən edilib. Bu istiqamətlərdən birincisi Plenum tərəfindən izahlı qərarların qəbul edilməsi və Plenum qərarlarının artıq tövsiyə xarakterli deyil, məcburi xarakter daşımasıdır. İkincisi Ali Məhkəmənin müvafiq kollegiyaları daxilində hakimlər arasında ziddiyyətli mövqelər olduqda və ya baxılan iş üzrə nəticə əvvəlki nəticələrdən fərqli olduqda kollegiyanın tam tərkibi tərəfindən qərarların qəbul edilməsi və bu qərarda müəyyən kateqoriyalı işlərə baxılması qaydası müəyyən edilməsidir. Üçüncü istiqamət isə monitorinqlərin aparılmasıdır. Yəni, Ali Məhkəmə tərəfindən ümumiləşdirmə işinin aparılması, ümumiləşdirmə nəticəsində sistemli xarakter daşıyan nöqsanların müəyyən edilməsi, nöqsanlar üzrə monitorinqlərin aparılması və monitorinq nəticələrinin yenidən Plenumda təhlil edilməsi və müvafiq izahların verilməsi Məhkəmə-Hüquq Şurasına təkliflərin verilməsi kimi müəyyən edilib. Bu təcrübə Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün görülən tədbirlərlərdir. Artıq Plenum tərəfindən vahid məhkəmə təcrübəsinə dair çox vacib qərarlar qəbul edilib. Həmçinin bir neçə sahə üzrə son iki ildə monitorinqlər aparılıb, müvafiq təhlillər həyata keçirilib və nəticədə izahlar qəbul edilib", – deyə sədr müavini qeyd edib.

Xəyalə Bünyatova