Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Murad Abdullayev barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Şaiq Mirzəyev e-huquq.az-a açıqlamasında deyib ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, M.Abdullayev barəsindəki 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il müddətinə azadlığın məhdudlaşdırılması ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil Ş.Mirzəyev hakim C.Hüseynin işi tam obyektiv və hərtərəfli araşdırdığını bildirib.
"Məhkəmə-hüquq sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Sevindirici haldır ki, hakimlər qərar qəbul edərkən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tövsiyələri nəzərə alırlar. Müdafiə etdiyim şəxs barəsindəki hökmdən verdiyimiz apellyasiya şikayətinə baxarkən də Bakı Apellyasiya Məhkəməsinin hakimi işin hallarına baxaraq və humanizm prinsiplərini nəzərə alaraq ədalətli qərar qəbul etdi", – deyə o qeyd edib.
Qeyd edək ki, M.Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.
Eltac Nurullazadə
