Məzmuna keç

Həbsdə olan sabiq MTN generalı kassasiya şikayəti verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayev barələrindəki qərardan kassasiya şikayəti veriblər.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, onlar Ali Məhkəməyə müraciət edərək barələrindəki qərarın dəyişdirilməsini istəyiblər.

Şikayətə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, və N.Nəzirova həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə N.Şirinov 8 il, E.Abdullayev 6 il, N.Nəzirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə N.Şirinovun cəzası 6 ilə, E.Abdullayevin cəzası 5 ilə endirilib. N.Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilərək məhkəmə zalından azadlığa buraxılıb

Eltac Nurullazadə