"Avropa Konvensiyasının 16 saylı Protokolunun təsdiq edilməsi bizə imkan verəcək ki, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə vasitəsi ilə Avropa Konvensiyası və ona dair Protokollarda müəyyən olunmuş hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı fundamental məsələlərə dair məsləhət rəylərini alaq".
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, bu, ilk növbədə Avropa Məhkəməsində Azərbaycana qarşı işləri minimuma endirəcək.
"Biz artıq hüquq tətbiqində fikir ayrılığında olduğumuz kazuslar üzrə Məhkəmənin özündən rəy alacağıq. Bu eyni zamanda ədalət mühakiməsinin effektivliyini artıracaq, həmçinin insan hüquq və azadlıqlarından sui-istifadə, təzyiq vasitəsi kimi tətbiq edilməsi hallarına qarşı yaxşı mexanizm olacaq. Bir sözlə, 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə, Konvensiya ilə təsbit edilmiş hüquq və azadlıqlara sadiqliyinin göstəricisi olan vacib hadisədir və ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcək", – deyə o qeyd edb.
B.Məhərrəmov deyib ki, bu Protokolun təsdiq edilməsi Azərbaycan məhkəmə hüquq tarixində çox mühüm səhifələrdən biridir: "Eyni zamanda cəsarətlə demək olar ki, bu, "Heydər Əliyev İli"ndə Ümummilli Liderin hüquq düşüncəsinin varisliyinə mühüm töhfədir. Ümummilli Lider “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il Fərmanında (2-ci maddə, 5-ci bənd) Nazirlər Kabinetinə və Prezidentinin İcra Aparatına tapşırıq vermişdi ki, əlaqədar dövlət orqanları ilə birlikdə hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsünlər. Prezident İlham Əliyevin isə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” tətbiq edilməsi barədə 2006-cı il 19 yanvar tarixli Fərmanında Ali və Apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilirdi ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Həmçinin dövlət başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il Sərəncamının 4-cü bəndində Konstitusiya Məhkəməsi və Ali Məhkəməyə tövsiyə edilirdi ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Bu illər ərzində "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 1, 3, 4, 5, 6, 7, 8, 11-ci Protokollarına qoşulmuşuq, 13-cü protokolla bağlı bilirsiniz, imzalama səlahiyyəti ilə bağlı cənab Prezidentin aktı oldu, bu gün isə 16 saylı Protokolu qəbul etdik".
Xəyalə Bünyatova
