Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə təqsirli bilinərək həbs edilən Rüfət Vəlizadənin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Vəkil Şaiq Mirzəyevin e-huquq.az-a verdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 il 6 aydan 2 il 6 aya endirilib.
Vəkil Ş.Mirzəyev hakim V.Cəfərovun işi tam obyektiv və hərtərəfli araşdırması nəticəsində ədalətli qərar qəbul olunduğunu bildirib: "Hakimlərin qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərini rəhbər tutaraq ədalətli qərarlar qəbul etməsi ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatların bariz nümunəsidir. Bu sahədə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər də öz töhfəsini verir".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham olunan R.Vəlizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası azaldırılaraq 3 il 6 aya endirilib.
Eltac Nurullazadə
