Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Amid Əsgərov və Orxan Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İslam Neymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakinləri A.Əsgərov və O.Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqram 885 qram marixuana, 1 kiloqram 935 qram tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. A.Əsgərov və O.Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
