Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi istiqamətində işlərini davam etdirir.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq, Ali Məhkəmənin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə işləyib hazırladığı süni intellekt platformasında çalışan sistemin ilkin test versiyası yaxın günlərdə ictimaiyyətin istifadəsinə veriləcək.
Sistem vətəndaşlara məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlilinə, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin asan şəkildə öyrənilməsinə və həmin mübahisənin məhkəmə perspektivini anında müəyyən edilməsinə imkan verəcəkdir. Eyni zamanda vahid məhkəmə təcrübəsinin süni intellektin köməyi ilə araşdırılması hakimlər, məhkəmə aparatı və vəkillərin də fəaliyyətinin optimallaşdırılmasına töhfə verəcək.
Gələcəkdə sistemin tam gücü ilə fəaliyyət göstərməsi məhkəmə sistemində şəffaflığın daha da artırılmasına və məhkəmə icraatının effektivliyinin yüksəldilməsinə xidmət edəcək.
Eltac Nurullazadə
