Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi və bu qəbildən olan digər məsələlər olub. Bu mənada Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyıb.
Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Buna görə də, ulu öndərin rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı.
Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.
Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqil Azərbaycan Respublikası Konstitusiyanın müəllifi kimi Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.
Müasir Azərbaycan ədliyyəsinin inkişafında Heydər Əliyevin misilsiz rolu danılmazdır. Ümummilli lider Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Bu baxımdan, ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olub. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilməklə respublikanın ədliyyə tarixində yeni mərhələnin əsası qoyulub. Məhz o vaxtdan adıçəkilən nazirlik Ali Məhkəmə istisna olmaqla, bütün başqa məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini reallaşdırıb, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini həyata keçirib. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafına hərtərəfli zəmin yaradılıb.
Ümummilli lider Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə uyğun hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi və demokratik Azərbaycan Respublikasının qurulmasında ədliyyə orqanları diqqətdən kənarda qalmamış və bu qurumlara qayğı ilə yanaşılmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin zamanın tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ulu öndər Heydər Əliyev ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə və məhkəmə-hüquq islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişafı, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratmış, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət göstərmişdir. Eyni zamanda, dövlət başçısının "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir.
Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində yeniliklər, o cümlədən dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsi olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Qeyd olunan fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyənləşdirməklə bu sahədə aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan sənəd mühüm əhəmiyyətə malik proqram xarakterli "yol xəritəsi"dir. Bu "yol xəritəsi"nin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, hakimlərin iş yükünün azaldılması, icraatın səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası sahəsinin təkmilləşdirilməsi və süründürməçilik hallarının aradan qaldırılması, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi və s. problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq Qələbə dayanır. Ümummilli Liderin vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Qələbə Azərbaycanın dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı.Bu Zəfərlə əzəli torpaqlarımızı işğaldan azad etməklə ölkəmizin ərazi bütövlüyü təmin edildi, Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının qüruru özünə qaytarıldı.
2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz siyasətçi Heydər Əliyevi daim ehtiramla xatırlayır. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Dövlət başçısının qeyd olunan sərəncamı Heydər Əliyev dühasına dərin ehtiram və hörmətin ifadəsi, unudulmazlıq təcəssümüdür. Nə qədər ki, bu xalq, millət var, Heydər Əliyev fenomeni xatirələrdən heç zaman silinməyəcəkdir.Ümummilli lider, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Xalqımız əmindir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır.
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru
