Məzmuna keç

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır

Astarada rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Rəşad Bağırov, Anar Əliyev, Asif Vəliyev və Yusif Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 8-nə təyin olunub.

Qeyd edək ki, Astara rayon sakinləri R.Bağırov, əvvəllər məhkum olunmuşlar A.Əliyev, A.Vəliyev və Y.Kərimov Astara şəhər sakini olan bir nəfəri yaşadığı evin qarşısında avtomobilə əyləşdirərək Rəşad Bağırovun yaşadığı evə aparıblar. Orada onu döyərək və hədə-qorxu gələrək 10 min manat pul tələb ediblər. Daha sonra isə həmin məbləği gətirməsi üçün sərbəst buraxıblar. Yaşadığı evə gələn həmin şəxs tanışı, Astara rayon sakini Rəşad Məlikova zəng vuraraq kriminal aləmə yaxın şəxslər tərəfindən ondan pul tələb edildiyini bildirib. Rəşad Məlikov tanışından hədə- qorxu ilə pul tələb edən şəxslərlə danışaraq gecə saat 5 radələrində Astara şəhəri ərazisində görüş təyin edib və bu zaman onları qorxutmaq məqsədilə özü ilə gətirdiyi ov tüfəngindən bir neçə dəfə atəş açıb. Həmin şəxslər dərhal hadisə yerindən uzaqlaşsalar da, qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıblar. R.Bağırov, A.Əliyev, A.Vəliyev və Y.Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə