Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ravil Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 9-u Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Yolu keçən paytaxt sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
