Bakıda quldurluqda təqsirləndirilən Hüseynəli Abdullayev və Valeh Mürşüdovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə sentyabrın 23-də gecə saatlarında 2 nəfərin Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən 200 manatını talamaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Hüseynəli Abdullayev və Saatlı rayon sakini Valeh Mürşüdov müəyyən olunaraq saxlanılıblar. Aparılan araşdırmalar nəticəsində onların analoji əməlləri digər şəxslərə qarşı da töprətdiyi məlum olub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
