Hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın qürur mənbəyinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Ulu öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyətdir. Hazırda bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi illər keçdikcə daim dərindən öyrənilməklə tədqiq ediləcək və diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına daim sədaqətlə xidmət etmək, ölkəmizi müstəqil dövlət kimi formalaşdırmaq və onu inkişaf etdirmək olmuşdur. Bu səbəbdən Heydər Əliyev irsini hər zaman öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək indiki və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Ulu öndərin işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq öz yüksək əzmkarlığı hesabına qarşıya çıxan problemi dərindən öyrənməsi, tələbkarlığı, üzərinə düşən vəzifəni yüksək səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi onu fərqləndirən başlıca xüsusiyyət olmuşdur.
Qeyd etmək lazımdır ki, ümumilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesindəki əsas fəaliyyət istiqamətlərindən biri də müasir və demokratik məhkəmə hüquq sisteminin formalaşdırılması, ölkəmizdə ədalət mühakiməsinin əsas şərtlərə və prinsiplərə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi təşkil etmişdir.1995-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız bu istiqamətdə atılmış ilk mütərəqqi addım olmuşdur. Belə ki, Konstitisiyamız demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmiş və beləliklə məhkəmə-hüquq islahatları üçün mərkəzi normativ baza yaradılmışdır. Əsas Qanunda hakimiyyətlərin bölgüsü prinsipi təsbit olunmuşdur. Belə ki, dövlət hakimiyyətinin bir qolunun məhkəmə hakimiyyətinin olması, məhkəmə hakimiyyətinin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata keçirilməsi burada təsbit edilmişdir. “Ana Qanunda” məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar öz əksini tapmış, o cümlədən qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev çıxışlarında daim hüquqi dövlətin əsas şərtinin məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi olduğunu xüsusi olaraq qeyd etmişdir. Ulu Öndər hüquqi islahatların həyata keçirilməsi məqsədilə 21 fevral 1996-cı ildə “Hüquqi İslahatlar Komissiyası” yaradılması barədə sərəncam imzalamış və bu Komissiyanın səmərəli fəaliyyəti nəticəsində "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar qəbul edilmişdir.
Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qəbul edilmiş bu Qanun əsasında məhkəmə-hüquq sistemində əsaslı dəyişikliklər həyata keçirilmiş, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.
Üçpilləli yeni məhkəmə sisteminin fəaliyyətə başlaması hər bir şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiə edilməsinə, qəbul edilmiş məhkəmə qərarlarından şikayət etmək hüququna təminat verməklə, işlərə ilk olaraq birinci instansiya məhkəməsində bundan sonra qəbul edilmiş qərarların apelyasiya qaydasında, daha sonra həmin qərarların kassasiya qaydasında yenidən yoxlanılmasına imkan vermişdir.
Bu da öz növbəsində birinci instansiya məhkəməsinin işlərə baxarkən yol verdiyi nöqsanlara yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaratmışdır.
Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndərin rəhbərlyi altında qısa müddət ərzində Azərbaycanın tarixində ilk dəfə olaraq 1998-ci ilin iyul ayında konstitusiya nəzarəti orqanı-KonstitusiyaMəhkəməsi yaradılmışdır.
Qeyd etmək lazımdır ki, Üçpilləli məhkəmə sisteminin yaradılması, hakim korpusunun formalaşmasında tam olaraq yeni üsul və metodların tətbiqinə başlanılması, hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.
Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimləri həyata keçrilmiş və nəticədə hakim korpusu 60 faiz yenilənmişdir.
Hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli müvafiq fərmanla məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış, 24 dekabr 1998-ci il tarixli sərəncamla Şuranın tərkibi təsdiq edilmişdir.
Məhkəmə-Hüquq Şurası məhkəmə sisteminin təşkilinin, hakimlərin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerlərinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil özünüidarə orqanı kimi fəaliyyətə başlamışdır.
"Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" – deyən Ulu öndər müdrik rəhbər olaraq cəzanın humanistliyi, cəzanın törədilmiş cinayətə uyğun olmalı olduğunu, tərbiyəvi əhəmiyyətini daim diqqətdə saxlamaqla ölkədə əfvetmə institutunun formalaşması istiqamətində uğurlu işlər həyata keçirmişdir. Belə ki, 1998-ci ilin 10 fevralında bu cəzanın tam ləğv edilməsini xüsusi olaraq vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasına üzv dövlətlərin müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Heydər Əliyev fəlsəfəsi, zəkası həm humanizm həm də insanpərvərlik prinsipləri baxımından insan övladının hər hansı səbəbdən edam edilməsini qətiyyən qəbul etməmişdir. Ölüm hökmünün tətbiqinin cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq yenidən sağlam cəmiyyətə qovuşmasının qarşının aldığını düşünən Heydər Əliyev bu baxımdan bu cəza növünü yolverilməz hesab etmişdir.
Ölüm hökmünün yolverilməzliyi Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda birmənalı şəkildə öz əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna yüksək dəyər verdiyinin əyani təzahürüdür. 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olan şəxslərin ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.
Ulu öndər 3 fevral 1998-ci il tarixdə Milli Məclisdə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyaları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Belə ki, çıxış nitqində – Ölüm hökmünün ləğv olunmasının hansısa bir cinayətkara rəhm etmək məqsədinin daşımadığını, bunu ümumbəşəri ümumxalq əhəmiyyətinə malik bir məsələ olduğunu vurğulamaqla, ölüm hökmünün ləğv olunmasının respublikamızın, müstəqil Azərbaycan dövlətinin humanist siyasət aparan bir dövlət olduğunun göstəricisi olduğunu vurğulamışdır. Beləliklə Milli Məclis ölkə rəhbərinin ölüm hökmünün ləğvi ilə bağlı humanist təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir.
Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz onun günahkarı cəzalandırmağı eyni zamanda ona şans verərək bağışlamağı yəni islah etməyi yüksək səviyyədə bacara bilməsi idi. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi qeyd olunmalıdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 32 əfv fərmanı ümumilikdə 3000 nəfərdən yuxarı məhkuma şamil edilmişdir. Əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında yüksək sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir. Qeyd etmək lazımdır ki Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 20 mindən çox məhkum azadlığa buraxılmışdır.
Ulu Öndərin hüquqi dövlət quruculuğundakı yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemi yenidən formalaşmaqla bərabər, məhkəmə hakimiyyəti sahəsində inkişafin bütün istiqamətlər üzrə mükəmməl yol xəritəsi hazırlanmaqla, həyata keçirilməli olan məqsədlər müəyyən edilmişdir.
Tam əminlikdə deyə bilərik ki, bu gün müasir Azərbaycan cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında özünəməxsus inkişaf yolu ilə uğurla irəliyə doğru gedir. Bu inkişafın təməl daşları ümummilli liderimiz tərəfindən qoyulub desək heç də yanılmarıq. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da genişləndirilmişdir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli Fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə böyük nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret olaraq müəyyən edilmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan məhkəmə-hüquq sistemi onun layiqli davamçısı, ölkə prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirilir və bundan sonra da qarşıya qoyulmuş məqsədlər uğurla yerinə yetirəcələcəkdir. Gələcək nəsillər ulu öndərin yorulmaz əməyi və irsi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və ondan hər bir an fayadalanacaqlar.
Hər bir vətəndaşımız o cümlədən dünya Azərbaycanlıları hər zaman Ümummilli lider Heydər Əliyev irisinə, o cümlədən onun “Azərbaycançılıq” ideyalarına sadiq qalaraq Ulu Öndərin “Mən həmişə fərx etmişəm bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını heç zaman unutmamalı, fəxarətlə söylənilən bu ifadələrdən ilham alaraq ölkə Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursu dəstələkməklə, dövlətimizin inkişafına, onun daha da güclənməsinə daim, yorulmadan, böyük əzmlə çalışmalıyıq.
Ramiz Quliyev
Sumqayıt Şəhər Məhkəməsinin hakimi
