"Heydər Əliyev İli"nin təsis edilməsi dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında xidmətlərinin miqyasını bird daha təsdiqləyir.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Ölkə Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planı təsdiqləndi.
«Heydər Əliyev İli»nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Sabitlik bütün inkişafın əsasıdır. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı.
"Heydər Əliyev İli" dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, bunun öz təsdiqini tapdığını əminliklə qeyd edək.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək irəli sürdüyü “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini atdığı addımları ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasının 23-cü ilində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırdı. 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Ötən bu illər ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektoru sahəsində də mühüm addımların atılmasını şərtləndirdi. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması əsas məsələ kimi önə çəkildi. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Eyni zamanda, ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlətimizin başçısı İlham Əliyev son 19 ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi kimi sözünün imzası qədər əhəmiyyətini kamil inkişaf modeli ilə bir daha təsdiqləyəcəkdir.
Orxan Məmmədli
Yasamal Rayon Məhkəməsinin hakimi
