Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Mükəmməl dövləti idarəetmə bacarığına, xalqına göstərdiyi əvəzsiz xidmətlərə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlərdəndir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev xalqımıza zəngin dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı miras qoyub.
Ulu Öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Ümummilli Lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının inkişafında və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm uğurlara imza atmış Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.
Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi. Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi.
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Heydər Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ulu Öndərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzər və diqqətinə çatdırması istiqamətində göstərdiyi fəaliyyət tariximizdə silinməz izlər qoymuşdur.
Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Məhz elə buna görə də müasir, müstəqil Azərbaycana hansı istiqamətdən baxırsansa orada Ulu Öndər Heydər Əliyevin bitib tükənməyən ideyalarının real nəticəsini görürsən.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Dünya azərbaycanlılarının I qurultayı milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, xaricdə yaşayan azərbaycanlıların diaspor şəklində təşkilatlanması və öz maraqlarını, hüquqlarını, azərbaycançılıq ideyalarını beynəlxalq miqyasda müdafiə etmələri üçün strateji proqram müəyyən etmişdir. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ümummilli Lider hələ ötən əsrin 60-cı illərinin sonunda müstəqil Azərbaycanı qurmağa başlamışdı. 1993-cü ildə isə yenidən rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı digər sahələrlə yanaşı, eyni zamanda, hüquq sahəsində də köklü islahatların həyata keçirilməsini, tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını zərurətə çevirmişdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.
Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirildi və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb. Heydər Əliyev siyasətinin davamı olaraq ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq bu sahədə mütəmadi islahatlar həyata keçirilir. Bu islahatlar ölkə vətəndaşlarının hüquqlarının daha təkmil şəkildə qorunması, təmin edilməsinə yönəlib.
Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 21 fevral tarixli sərəncam ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb. Azərbaycan prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olub.
İnsan haqlarında qəbul olunan mühüm qərarlardan biri də ölüm hökmünün ləğv olunmasıdır. 1998-ci fevral ayının 10-da Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etdi və bu hökm o zamandan qüvvədədir. Ulu Öndər dəfələrlə bu barədə məsələ qaldırmış, ölüm cəzasının mövcud olmasını və tətbiqini insan ləyaqətinə zidd hesab etmişdir: “insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir”
Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalaraq onu inkişaf etdirmişdir. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Ordumuza rəhbərlik edən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.
Gülnar Aslanova
Qaradağ Rayon Məhkəməsinin hakimi
