Azərbaycanda hüquqi dövlət quruculuğu və ictimai-siyasi, sosial-iqtisadi, mədəni, habelə digər bütün sahələrdə inkişafı dahi şəxsiyyət, uzaqgörən siyasətçi, müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderimiz Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişafı, hüququn aliliyi və demokratiyanın əsas prinsiplərinin rəhbər tutulduğu idarəetmə mexanizmlərinin qurulması, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi münasibətlərdə etibarlı tərəfdaş, güvənilən ölkə statusu qazanmasında əvəzsiz xidmətlər göstərmişdir. Ulu Öndərin uğurlu və uzaqgörən siyasətinin nəticəsində Azərbaycan sürətli iqtisadi inkişafa nail olmuş ölkə kimi beynəlxalq səviyyədə tanınması ilə yanaşı hüququn aliliyi, insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə nail olan ölkələr arasında yer alaraq böyük nüfuz qazanmışdır.
Əminliklə qeyd etmək olar ki, Ulu Öndər Heydər Əliyev hüququn ümumi prinsipləri və sivil ölkələrə xas ümumbəşəri dəyərləri rəhbər tutaraq Azərbaycan Respublikasında köklü məhkəmə-hüquq islahatları aparılmasına nail olmuşdur. Ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi dövrdə demək olar ki, bütün normativ hüquqi aktlar yenidən hazırlanmış, Avropaya inteqrasiya prosesi sürətlənmiş, hüququn ümumi prinsiplərinə zidd olan norma və qaydalar qanunvericilikdən çıxarılmışdır. Məhz Ümummilli liderimizin apardığı məhkəmə-hüquq islahatlarının nəticəsində hüquq mühafizə və müdafiə mexanizmləri yaradılmış, mövcud hüquq mühafizə institutları, habelə hüquq və azadlıqların müdafiəsində əvəzedilməz rola malik olan məhkəmə institutu yenidən formalaşdırılmış, bununla da müvafiq sahədə böyük naliyyətlər əldə olunmuşdur.
Belə ki, xalqın mənafeyini hər şeydən üstün tutan dahi şəxsiyyət mövcud problemləri dəqiqliklə müəyyən edə bilmiş, onları təhlil edərək ən uyğun həll yollarını tapmışdır. Qeyd edilməsi zəruri olardı ki, Ulu Öndərin hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan hələ yeni müstəqillik əldə etmiş, müharibə şəraitində yaşayan və sovet sosialist quruluşunun ideyaları rəhbər tutularaq qəbul edilmiş normativ hüquqi aktların tətbiq edildiyi bir ölkə idi. Həmin dövrün təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Azərbaycanın müstəqil, hüquqi və demokratik dövlət kimi formalaşması birbaşa olaraq Ulu Öndərin bütün fəaliyyətində mərkəzi yeri tutan əsas məqsəd, ana ideya olmuşdur.
Ümummilli liderimizin hakimiyyətə qayıdışının ilk vaxtlarından etibarən Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması üçün komissiya yaratması və həmin komissiyaya birbaşa olaraq şəxsən rəhbərlik etməsi hüquqi dövlət quruculluğunun onun fəaliyyətində mərkəzi mövqe tutmasının və məhkəmə-hüquq islahatlarına göstərdiyi diqqətin əyani göstəricisidir. Ulu Öndərin rəhbərliyi ilə referenduma çıxarılaraq qəbul edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası bir çox istiqamətlərdən öz mükəmməlliyi ilə seçilir. Məhz Konstitusiyamızın hər bir normasının dəqiqliklə ifadə edilməsi, konstitusion hüquq normalarının yaradılmasında beynəlxalq təcrübənin nəzərə alınması, əsas insan hüquq və azadlıqlarının geniş şəkildə müəyyən edilməsi, habelə hakimiyyətlərin bölgüsü, demokratik, dünyəvilik, qanunçuluq, bərabərlik, humanizm, ədalətlilik və s. kimi dövlət idarəetməsinin əsas prinsiplərinin, həmçinin qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin hüdudlarının müəyyən edilməsi barədə normaların konstitusion səviyyədə müəyyən edilməsi Ulu Öndər Heydər Əliyevin uğurlu əməli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müəyyən edilməsi Azərbaycanda insan hüquqlarının təmin edilməsi, hüquqi dövlət quruculuğu və hüququn aliliyinin tətbiq edilməsinə böyük töhfə vermişdir.
Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi dövlət quruculuğu baxımından atılmış ən əsas addımlardan biri ölüm hökmünün ləğv edilməsi barədə normativ hüquqi aktın qəbul edilməsində etdiyi təşəbbüskarlığı olmuşdur. Ümumbəşəri humanist ideyalara, beynəlxalq hüququn əsas prinsiplərinə sadiq dahi lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis qarşısında ölüm hökmünün ləğvi barədə məsələ qaldırılmışdır. Ulu Öndərimizin gələcək yönümlü bu mütərəqqi təklifi Milli Məclis tərəfindən dəstəklənmiş və 1998-ci il 10 fevral tarixində Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması qərara alınmışdır. Bu təklifin verilməsi Azərbaycanın beynəlxalq nüfuzunu qaldırmağa yönəlmiş, xalqın firavanlığını və hüquqa inamını artıran bir tədbir kimi nəzərə alınmalıdır. Bununla da şərqdə hüquqi islahatlarda ilklərlə tarixə düşən Azərbaycan həmçinin adını şərqdə ilk ölüm cəzasını ləğv edən dövlət kimi tarixə yazdırmışdır.
Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qəbul olunan normativ hüquqi aktlardan biri də 1997-ci il 10 iyul tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bununla ümummilli lider Heydər Əliyev hüquq, azadlıqların və qanuni mənafelərin müdafiəsində məhkəmələrin mərkəzi rolunu və cəmiyyətdə hakimlərin ictimai statusunu müəyyən etmiş, habelə tərəfdaş çıxdığımız beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydada ədalətli məhkəmə araşdırmasını təmin etmək istiqamətində ədalət məhkəməsi institunun formalaşdırılmasına misilsiz töhfə vermişdir. “Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə” deyən Ulu Öndərin rəhbər tutduğu bəşəri ideyalara uyğun olaraq həyata keçirdiyi uğurlu siyasət və fəaliyyət nəticəsində qanunun tələblərindən kənara çıxan və “cəza müəyyən etmə” institutu rolunda olan məhkəmə ədalətlilik, humanizm, hüququn aliliyi və bərabərlik prinsipinin tətbiq edildiyi ədalət mühakiməsinin təcəssüm etdiyi bir orqana çevrilmişdir.
Ulu Öndərimizin hüquqi dövlət quruculuğunda göstərdiyi xidmətlər bunlarla da yekunlaşmır. İnsan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində bir çox normativ hüquqi aktların qəbul olunması Ümummilli liderin dövlətə başçılıq etdiyi dönəmə təsadüf edir. İnsan hüquq və azadlıqlarının təmin edilməsini əsas məsələ olaraq qəbul edən Ulu Öndərin hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlardan biri də insan hüquq və azadlıqlarının müdafiəsinin milli mexanizmi olan ombudsman institunun formalaşdırılması və təsis edilməsidir. Ümummilli liderimizin imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” İnsan hüquqları üzrə müvəkkil-Ombudsman institununun yaradılmasını müəyyən edən əsas normativ sənədlərdir. Bundan sonra 2001-ci il 28 dekabr tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, həmin ilin 5 mart tarixində Ulu Öndər tərəfindən qeyd olunan Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanmıış və bununla da Ombudsman institunun formalaşdırılmasının və təsis edilməsinin normativ hüquqi əsası qoyulmuşdur.
Sevindirici haldır ki, Ümummilli lider tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq islahatları Ulu Öndərin siyasi ideyalarının layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatlar müasir dövrün tələblərinə uyğun olaraq daha da dərinləşdirilir və Azərbaycanın dünyada artan nüfuzunun artmasına gətirib çıxarır.
Azərbaycanın xilaskarı, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Ulu Öndərin hüquqi dövlət quruculuğunda həyata keçirdiyi fəaliyyət çoxsaylı elmi tədqiqatın mövzusu olacaq qədər geniş olmuşdur. Yekunda bu fəaliyyəti bir cümlə ilə aşağıdakı kimi ifadə etmək olar:
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasının əsasını qoyan, hüququn aliliyi, qanunçuluq və hüququn ümumbəşəri qəbul edilmiş prinsiplərini rəhbər tutan bir lider kimi məhkəmə-hüquq islahatlarının müəllifidir.
Şəfa Dadaşova
Qaradağ Rayon Məhkəməsinin hakimi
