Məzmuna keç

Məhkəmə-hüquq sistemində Heydər Əliyev ideyaları

Azərbaycan tarixinin son 100 ili Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ötən bir əsrə nəzərə salsaq, Ulu öndərin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyət daşıyan mənalı həyat yolunu və fəaliyyətini bu cür təhlil edə bilərik:

Heydər Əliyev ictimai xadim kimi; 1923-1969-cu illəri əhatə edən birinci dövr fenomenal Heydər Əliyev şəxsiyyətinin formalaşması, dövlət təhlükəsizlik orqanlarında bacarıqlı kadr kimi uğurlu fəaliyyəti və istedadlı dövlət xadimi kimi Azərbaycanın rəhbərliyinə gəldiyi mərhələni əhatə edir.

Heydər Əliyev böyük siyasi lider və ideoloq kimi; Ulu öndərin bu həyat yolu daha geniş və zəngin siyasi təcrübəni özündə ehtiva edir. Bu dövrün özü də bir neçə vacib və mühüm mərhələdən keçmişdir. Belə ki,1969-1982-ci illərdə Dahi Heydər Əliyev bacarıqlı rəhbər kimi yüksək siyasi populyarlıq qazanmış, Azərbaycanın iqtisadi və sosial inkişafındakı xidmətlərinə görə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1982-1987-ci illərdə Böyük dövlət xadimi Heydər Əliyev Sovet İttifaqına daxil olan digər respublikaların da iqtisadiyyatının və təsərrüfat sisteminin idarə edilməsinə töhfələr vermiş, başqa xalqlar arasında da yüksək siyasi populyarlıq və nüfuz qazanmışdır.

1990-cı ildə Naxçıvan Muxtar Respublikasından SSRİ Ali Sovetinin deputatı və Naxçıvan MSSR-nin Ali Sovetinin deputatı seçilən Heydər Əliyev şanlı həyatının bundan sonrakı hissəsini xalqına həsr etmişdir. 1991-ci ildən Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilən Ümumilli lider 1993-cü ildə xalqın tələbi və müraciəti ilə Bakıya qayıtmış, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuşdur. 1993-2003-cü illərdə Prezident Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasını hazırlamış və həyata keçirmişdir.

Azərbaycançılıq ideologiyası əsasında milli həmrəyliyə və dövlət quruculuğuna nail olan Ulu öndər xalqımız qarşısında əbədi yaşayacaq xidmətlər göstərmişdir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dövləti qısa müddətdə dünyada nüfuz qazanmış, beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutmuşdur.

2003-cü ildən sonra başlayaraq çağdaş dövrümüzü özündə birləşdirən yeni siyasi mərhələ Azərbaycanın gələcək dövlətçilik yolunu müəyyən edən vahid siyasi strategiyadan ibarətdir. Heydər Əliyev siyasi irsinin davam etdirilməsini nəzərdə tutan bu ideya xətti yüz illərlə yaşayacaq. “Yolumuz Heydər Əliyev yoludur!” konsepsiyasına söykənən müasir Azərbaycan dövləti Ümumilli liderin layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dayanıqlı inkişaf və tərəqqi dövrünü yaşayır.

Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu kimi tarixi nailiyyətə imza atmışdır. Azərbaycan məhkəmə-hüquq sisteminin yeni əsaslarla formalaşdırılması bu prosesin vacib və konseptual tərkib hissəsidir.

Heydər Əliyevin qurduğu mütərəqqi və müasir məhkəmə sisteminin üstünlüyü hər kəsin hüquq bərabərliyinin tanınması, müdafiəsi, təmin olunması, hökm, qərar və qərardadların çıxarılması zamanı qərəzsizlik prinsipinə əməl olunmasından ibarətdir. Ümummilli liderin Azərbaycanın məhkəmə-hüquq sisteminə bəxş etdiyi yenilik və nailiyyətlər müasir beynəlxalq hüququn norma və prinsiplərinə, qanunun aliliyinə və humanizmə əsaslanır.

Yəni ədalət mühakiməsi prosesi bütün şəxslərin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına şərait yaradır.

Heydər Əliyevin banisi olduğu müstəqil məhkəmə sisteminin fəaliyyətinin mahiyyətini insan amili təşkil edir. Bu mənada, Dahi Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və Hakimlər Haqqında” və “Konstitusiya Məhkəməsi Haqqında” qanunların qəbul edilməsi Azərbaycan məhkəmə orqanlarının strukturunun və məhkəmə icraatının yeni çağırışlara uyğun formalamasında növbəti mərhələ kimi yüksək əhəmiyyətə malikdir. “Məhkəmələr və Hakimlər Haqqında” qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilməsini nəzərdə tutur ki, bu da Ümumilli liderin bəşəri dəyərlərə, düzgünlüyə və hər bir insana, o cümlədən Azərbaycan vətəndaşlarına verdiyi yüksək qiymətin əyani təzahürüdür. Müdrik Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və uğurlu islahatlar nəticəsində əvvəllər sadəcə, “cəza orqanı” funksiyasını yerinə yetirən məhkəmələr vətəndaşların hüquqlarının müdafiəsini yüksək səviyyədə təmin edən müstəqil hakimiyyət orqanı kimi formalaşdı. Məhkəmə institutunun İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlarda, həmçinin, İnsan Hüquqları və Azadlıqları haqqında Avropa Konvensiyasında və Azərbaycan Konstitusiyasında yer almış prinsip və normalara uyğunlaşdırılması bu sahədə həyata keçirilmiş mühüm hüquqi, demokratik islahatların tərkib hissəsidir.

Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və siyasi liderliyi altında məhkəmə-hüquq sistemində tətbiq edilmiş yeniliklər beynəlxalq siyasi müstəvidə Azərbaycana böyük nüfuz gətirmiş, gənc dövlətimizin dünyanın aparıcı ölkələri ilə bir sırada dayanmasına töhfələr vermişdir.

Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən biri 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyamızda təsbit olunmuş müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Qeyd edilən islahatlar nəticəsində Azərbaycanda məhkəmə institutu hüquqi tənzimləyici sistemə çevrilmişdir. Bu baxımdan, Ulu öndər tərəfindən 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin və eyni zamanda, həmin vaxt Azərbaycan Prezidenti yanında təsis edilmiş Məhkəmə-Hüquq Şurasının rolu xüsusi qeyd edilməlidir. Ümumilli lider Azərbaycanda məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara uyğun qurulmasına günün vacib və zəruri tələbi kimi yanaşırdı. 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə bu sahədə islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə Hüquqi İslahat Komissiyası yaradıldı. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər nəticəsində, Azərbaycanda üçpilləli məhkəmə sistemi formalaşdı. Ümumilli liderin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm hökmünə moratorium qoyulması, 1998-ci il fevarılın 10-da isə bu cəza növünün ləğv edilməsi Heydər Əliyev şəxsiyyətinin ali humanizm prinsiplərinə bağlı olduğunu və insan haqlarının müdafiəsinə önəm verdiyini isbat etməklə yanaşı, Ulu öndərin müasir dövlət quruculuğunda beynəlxalq hüquqi normaların tətbiqinin, demokratik dünyaya inteqrasiyanın tərəfdarı olduğunu deməyə əsas verir. Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi Heydər Əliyev dühasının bəhrəsi olan müasir Azərbaycan məhkəmə-hüquq sisteminin əsas fəlsəfəsini təşkil edir.

Məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı kimi təşəkkül tapması Heydər Əliyev dühasının müasir milli dövlətçiliyimizin tarixində layiqli yer tutan böyük əsəridir. Ümumilli liderin xidmətləri sayəsində xalq arasında məhkəmələrə inam artmış, hətta beynəlxalq ictimai rəydə Azərbaycanın məhkəmə-hüquq sisteminə böyük etimad yaranmışdır. Məhz Ulu öndərin böyük əməyinin bəhrəsi olan müasir və müstəqil məhkəmə orqanlarına müraciət prosedurları asanlaşmış, hüquqi yardıma tələbatın ödənilməsi hər bir kəs üçün əlçatan olmuşdur. Azərbaycanda yeni nəsil hakimlərin formalaşması da Heydər Əliyevin böyük şəxsiyyətinin xalqına və dövlətinə göstərdiyi yüksək qayğının nəticəsidir. Ona görə də hər bir məhkəmə orqanı və hakim Ümummilli liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə, hüquqi strategiyaya və vəzifə öhdəliklərinə məsuliyyətlə və sədaqətlə yanaşmalıdır.

Gülnar Babazadə

Yasamal Rayon Məhkəməsinin hakimi