İllər keçdikcə müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi daha aydın görünür. Azərbaycan Respublikasında intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Bügün dünya ölkələri arasında ölkəmizin tutduğu mövqeyə gəlməsi Ulu Öndərin misilsiz zəhməti nəticəsində mümkün olmuşdur.
Bu səbəbdəndir ki, bugün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Ümummilli liderə layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edir. Doğum günü ərəfəsində hər birimiz üçün əziz olan Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik.
Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi bizim milli sərvətimizdir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu insanın gördüyü işlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.
XX əsrin ortalarında Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılırdı. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycanda həyat ritmini büsbütün dəyişmiş, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlanmışdı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmiş, yeni yaşayış massivləri salınmış, ucqar rayonlara qaz xətləri çəkilmişdi.
Bundan başqa ölkəmizin siyasi və mədəni həyatında böyük dəyişikliklər baş vermiş, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə saraylar, yaraşıqlı binalar, o cümlədən xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır. Bunlar hamısı ulu öndər Heydər Əliyevin zəhmətinin və böyük təşkilatçılıq işinin bəhrəsi idi.
Məhz həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlamış, eyni zamanda kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdı.
Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti və istedadı artıq bütün İttifaqa səs salmış, hətta beynəlxalq miqyasda tanınmışdı. Məhz fitri rəhbərlik istedadını və dövlət xadimi üçün zəruri olan ən yüksək keyfiyyətləri özündə birləşdirdiyinə görə o zamankı sovet rəhbərliyi onu Moskvaya dəvət edərək Siyasi Büronun tərkibinə daxil etmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkmişdi. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb edirdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Moskvada fəaliyyət göstərdiyi illərdə Heydər Əliyev beynəlxalq aləmdə də görkəmli ictimai-siyasi xadim kimi tanınmış, onun böyük siyasi iradəyə və idarəçilik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri və dövlət xadimləri tərəfindən etiraf edilmişdir.
Lakin Heydər Əliyevin bu istedad və bacarığına qısqanclıqla yanaşanlar da az deyildi. Xüsusilə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında və 20 Yanvar faciəsinin törədilməsində bilavasitə günahkar olan Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı.
1990-cı ilin yanvarında isə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olan SSRİ nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Bu hadisələrdən sonra Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi. Ulu Öndər olduqca dözülməz blokada şəraitində Azərbaycanın bu qədim diyarını erməni işğalından qoruyub saxlayırdı.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Belə ki, məhz Azərbaycan xalqının azadlığının, dövlət müstəqilliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını məhv olmaqdan xilas etdi.
Ulu Öndər Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar etdi. Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ölkənin hüquq sahəsində mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlar, o cümlədən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi.
Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
Ulu Öndərin gərgin fəaliyyəti nəticəsində insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Demokratik hüquqi dövlətin ən əsas institutlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli Fərman imzalandı. Məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Bunun davamı olaraq məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırdı. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəməyə müraciət etməyə başladı.
Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu. Bu dahi şəxsiyyət yalnız bir sahəyə deyil, bütün sahələrə qayğı ilə yanaşır, ölkənin hərtərəfli inkişafına nail olmağa çalışırdı, hətta onun fəaliyyəti ölkə hüdudlarından kənarda da aydın hiss olunurdu. Ulu Öndər tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi. Hamıya bəllidir ki, Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” rolunu oynamışdır. Bakıda keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın numayəndələri Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dünyada təsdiq etdilər. Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz baxışı ilə fərqlənirdi.
13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh” prinsipinə uyğun olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi, dostluq, qarşılıqlı anlaşma və mehriban qonşuluq munasibətlərinin bərpa olunması, bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü. Bütün bunlar Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdı.
Ümummilli Lider Heydər Əliyevdən sonra onun müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.
Belə ki, müasir müstəqil məhkəmə hakimiyyətinin qurulması istiqamətində Ulu Öndərin başlatdığı yol ölkə Prezidenti tərəfindən davam etdirilmiş, onun tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılmış, bu sahədə qanunvericilik təkmilləşmiş, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılmış, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülmüşdür.
Bu mütərəqqi islahatlarla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, son illər xalqımızın tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Hesab edirəm ki, nəinki 100 il, hətta neçə əsrlər sonra da Azərbaycan xalqı öz xilaskarını qəlbində əbədi yaşadacaqdır!
Günel Tanrıverdiyeva
Sumqayıt şəhər məhkəməsinin hakimi
