2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi hazırda respublikamızda və onun hüdudlarından kənarda ehtiramla qeyd olunur.
Ulu öndər Heydər Əliyev şərəfli ömür yolunun 40 ilə yaxın dövrünü xalqımızın rifahına həsr etmiş, xalqımızın qəlbində silinməz izlər buraxmışdır. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Ulu öndər Heydər Əliyev azərbaycanlı olması ilə fəxr etmişdir. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər birimizin iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi şəxsiyyət Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gələrək dövlət müstəqilliyimizi əbədi və dönməz etmiş, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq bizim hər birimizin şərəfli vəzifəsidir.
Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra qanunvericilik bazasının formalaşdırılması, hüquqi islahatların həyata keçirilməsi, bütün sferalarda köklü islahatların aparılması, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin yaradılması sahəsində Heydər Əliyevin rolu əvəzedilməzdir. O, demokratiya, qanunun aliliyinin təmin edilməsi, insan hüquqları və azadlıqlarının qorunması, siyasi, iqtisadi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində qətiyyətli addımlar atmışdır. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların daimi təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminatı məhkəmələrin fəaliyyətində mühüm şərtlərdəndir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hər bir şəxsin maraq və mənafeyinin yüksək səviyyədə təminatı qarşıya məqsəd kimi qoyularaq Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət qurulması, vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst, azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Konstitusiyamızla məhkəmələr hakimiyyətin müstəqil qolu kimi qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazanaraq ədalət mühakiməsini həyata keçirən müstəqil quruma çevrilmişdir.
Heydər Əliyev müasir demokratik məhkəmə hakimiyyətinin banisidir. Ulu Öndər tərəfindən aparılan köklü məhkəmə-hüquq islahatları çoxdəyərli konsepsiyaya söykənməklə, bu konsepsiya inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsinə, ümumbəşəri demokratik prinsiplərə, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrinə dayanır.
“Ədalət iki şeydən sarsıla bilər: Cinayətkar cəzasız qalanda, günahsız cəzalandırılanda” deyən ümummili lider ilk gündən məhkəmələri hakimiyyətin qolu kimi xüsusi dəyərləndirmişdir.
Bu həqiqətdir ki, məhkəmə hakimiyyətinin hüquqi dövlətdə yeri və rolu Konstitusiyamızın əsas qayələrindəndir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 10 iyun 1997-ci ildə özündə bir sıra yenilikləri, qaydaları özündə əks etdirən, vahid məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan, Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Konstitusiyada təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönələn “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Həmin Qanunla ədalət mühakiməsini həyata keçirən məhkəmələrin səlahiyyət dairələri müəyyənləşmiş, apellyasiya və kassasiya instansiya məhkəmələri formalaşmaqla hüququn aliliyinin təmin edilməsi prioritet sayılmışdır. 1998-ci ilin iyul ayında əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək və insanların əsas hüquq və azadlıqlarını müdafiə etmək olan Konstitusiya Məhkəməsi yaradılmışdır.
Hakimlərin demokratik prinsiplərə, şəffaf prosedur əsasında beynəlxalq standartlara uyğun olaraq aşkarlıq şəraitində seçilməsi respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına şərait yaratmışdır. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin təşkil olunması, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələlərin həyata keçirilməsinin təmin olunması üçün üçün 1 dekabr 1998-ci il tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçimi şəffaf prosedurlar əsasında, test üsulu ilə aparılmış, Ümummilli lider "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu" məzmununda tarixi çıxış etmişdir. Bugün ölkə ərazisində fəaliyyət göstərən hakimlərin böyük əksəriyyəti test üsulu ilə şəffaf prosedurlar əsasında keçirilmiş imtahanlar nəticəsində vəzifələrinə təyin edilmişlər.
Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Gömrük, Əmək və digər məcəllələr, eləcə də qanunlar qəbul olunmuş, Ümummilli liderin 1993-cü ildən icrasına moratorium qoyduğu ölüm hökmü bilavasitə onun təşəbbüsü və qətiyyəti sayəsində 10 fevral 1998-ci il tarixdə cəza növü kimi ləğv edilmişdir. Əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzalarının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması, nəinki Azərbaycanda, bütün Şərq dünyasında insan həyatını, onun dəyərini müəyyənləşdirən ilk humanist meyarlardan olmuşdur. Əfvetmə aktının, həmçinin Ulu öndərin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktlarının tətbiqi nəticəsində minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunaraq ailələrinə qovuşmuşdur.
Ümummilli liderin əsasını qoyduğu məhkəmə-hüquq islahatları bugün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlər görülür. Məhkəmə-hüquq islahatları diqqət mərkəzində olmaqla, yeni təcrübələr tətbiq edilir, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə məhkəmələrin bina və avadanlıqlarla təmin olunması, onların iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanının icrası ilə əlaqədar mütərəqqi tədbirlər görülür. Məhkəmə-hüquq sahəsində aparılan davamlı islahatlar məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə şərait yaradacaqdır.
Məhkəmə-hüquq sistemində inkişafın davamlı olması məqsədi ilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, qəbul etdiyi qərarlarda qanunçuluq, qərəzsizlik və ədalət prinsiplərinin tələblərinə dönmədən əməl etməlidir.
Fərid Namazov
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
