Azərbaycan xalqının tarixi əlamətdar hadisələrlə zəngindir. Bu hadisələrin bir qismi xalqın taleyində müəyyənedici əhəmiyyət kəsb edib, onun sonrakı inkişaf yolunu müəyyən edir. Belə hadisələrdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixdən Azərbaycan Respublikasının inkişafında yeni dövr – dövlət müstəqilliyimizin dönməzliyinin təmin edilməsi dövrü başlandı. Həmin gün tariximizə Milli Qurtuluş günu kimi yazıldı. Azərbaycan xalqının milli qurtuluş günü 1997-ci ilin 15 iyun günündən ölkəmizdə bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallığı onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi. Xüsusən 1992-1993-cü illərdə xalqı, dövləti yaşanan sarsıntı və təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız fitri idarəçilik, dəmir iradə, geniş siyasi dünyagörüş kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə də xalqımız canı, qanı hesabına əldə etdiyi müstəqillik nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə nicat nəzərlərini Ulu Öndər Heydər Əliyevin üzərinə yönəltdi. Ulu Öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu .Ulu Öndər Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi 35 illik zaman kəsiyinin mahiyyətində xalqımızın intizarda olduğu arzular, niyyətlər və məramlar gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatə edir. Ulu Öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı və inamına söykənərək nail oldu.
Ulu Öndər gecəli-gündüzlü əziyyətlərə qatlaşaraq Azərbaycanın milli qurtuluşunun təmin edilməsinin ideoloji əsaslarını işləyib hazırladı. Məhz onun işləyib hazırladığı müddəalara ,taktiki və strateji yollara əsasən Azərbaycanda milli qurtuluşun və inkişafın bünövrəsi qoyuldu.Həmin ideoloji əsaslara aşağıdakılar daxildir:
– Dövlət müstəqilliyinin qorunub saxlanılması;
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.O,qeyd edirdi ki, “əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi barədə Ulu Öndər Heydər Əliyev 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdir:
“Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun”.
Ulu Öndər Heydər Əliyev 2001-ci il 17 oktyabrda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində dövlət müstəqilliyimizin dönməzliyini qətiyyətlə vurğulamışdır:
“İnsanlar cürbəcür şəraitlərdə yaşaya bilər. Amma insan üçün, xalq üçün hər şeydən qiymətli, hər şeydən əziz müstəqillikdir, azadlıqdır. Biz çox əsrlər bu azadlığın, bu müstəqilliyin arzusunda olmuşuq. Ötən on ildə bu müstəqilliyimizi möhkəmləndirmişik, inkişaf etdirmişik, dönməz etmişik və gələcək nəsillərə müstəqilliyi töhfə edirik və inanıram ki, xalqımız bu müstəqilliyi heç vaxt bir daha əldən verməyəcəkdir”.
– Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununun – Konstitusiyasının qəbul edilməsi;
1993-cü ildə Ulu Öndər qarşıya qoyulan bu taleyüklü vəzifəni belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Ulu Öndər yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik, hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Ulu Öndər çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı.
Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may qərarı ilə konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq edildi. 1995-ci il 5 iyunda komissiyanın ilk iclası keçirildi. Komissiyanın həmin iclasına sədrlik edən Ulu Öndər Heydər Əliyev öz çıxışında Konstitusiyanın layihəsində əks edilməli olan müddəalara və rəhbər başlanğıclara diqqət yönəltdi.
– Konstitusiyada “hakimiyyətin bölünməsi” prinsipinin təsbit edilməsi;
Ulu Öndər qeyd etmişdi ki, “Hakimiyyətin bölünməsi qanunvericilik, ali icra və məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin edilməlidir”. Dahi rəhbər qeyd olunan komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.
– Ölkədə demokratik, hüquqi dövlətin qurulması;
Ulu Öndər Heydər Əliyev bu məsələyə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 noyabr tarixli iclasında qiymət verərək demişdi: “Yeni Konstitusiya demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
– İnsan hüquq və azadlıqların təmin edilməsi və müdafiəsinin səmərəli təşkili;
Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqları ilə bağlı müddəalarla zəngindir. Konstitusiyanın ayrı-ayrı bölmələrində ümumi müddəalarla bərabər, onda əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş ayrıca fəsillər vardır. Konstitusiyanın III fəslində “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”, IV fəslində “Vətəndaşların əsas vəzifələri” təsbit olunmuşdur. Konstitusiyasının 24-cü maddəsinə görə insanın doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə görə hər kəsin qanunla qadağan edilməyən üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin II hissəsinə əsasən dövlət hər bir kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
1993-cü il 21 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə Ulu Öndər demişdir: “Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, dil azadlığı, sahibkarlıq azadlığı, bütün azadlıqlar təmin olunub. İnsan haqları qorunmalıdır. Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir”. Ulu Öndərin 1998-ci il 22 fevralda imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinə təkan vermişdir. Ulu Öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Bu barədə Ulu Öndər qeyd edirdi: “Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ulu Öndər 1998-ci ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 50 illik yubileyi tədbirində bu barədə danışarkən qeyd etmişdi: “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir”. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
– Ölkədə müstəqil məhkəmə hakimiyyətinin təşkili;
Müasir dövlət quruculuğunun həyata keçirilməsinin hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. Həmin dövrdə məhkəmə-hüquq islahatı ölkənin siyasi və iqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən islahatların nəticəsi oldu. Azərbaycan Respublikası Konstitusiyasının, məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qanunların, xüsusilə “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması məhkəmə-hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçməsini təmin etdi.
1997-ci il 10 iyunda qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunla Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması prinsipləri, ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar, Azərbaycan Respublikasının məhkəmə sistemi, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin təşkilati təminatı, hakimlərin statusu, təyin edilməsi qaydası və səlahiyyətləri, müstəqilliyi, maddi və sosial təminatı, həvəsləndirilməsi, səlahiyyətlərinə xitam verilməsi və intizam məsuliyyəti ilə bağlı məsələlər təsbit olundu.
Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə, dünya dövlətçilik sahələrində yeni-yeni uğurlara imza atır. Böyük iftixar hissi ilə qeyd etmək olar ki, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müddəalara əsasən Azərbaycanda dövlət quruculuğunu müvəffəqiyyətlə inkişaf etdirir.
Kamran Əsədov
Qaradağ Rayon Məhkəməsinin hakimi
