"Ali Məhkəmədə qanunvericiliyin vərəsəliklə bağlı müddəaların tətbiqi təcrübəsində mövcud problemlərə həsr olunmuş dəyirmi masa ədalət mühakiməsinin səmərəliliyinin artırılması, eləcə də, çox vacib olan vahid məhkəmə təcrübəsinin yaradılması baxımından olduqca əhəmiyyətlidir".
E-huquq.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi İkram Şirinov bildirib.
Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmə təcrübəsində rast gəlinən problemlərin müzakirəyə çıxarılmasını təqdir edən hakim, həmçinin qeyd edib ki, mülki hüququn bir sıra sahələri ilə bağlı vahid yanaşma hələ də formalaşmayıb: "Təkcə vərəsəliklə bağlı deyil, mülki hüququn eyni dərəcədə praktik əhəmiyyətə malik bir sıra digər sahələri, məsələn, əsassız varlanma, hüquqdan sui-istifadə institutları, özbaşına tikililərə münasibətdə hüquqların həyata keçirilməsi, o cümlədən də həmin tikililərin həm ər-arvad arasında əmlak bölgüsü zamanı nəzərə alına bilməsi, vərəsəlik zamanı miras aktivinə daxil olmasının mümkünlüyü və bağlı vahid təcrübə formalaşmayıb".
İ.Şirinovun sözlərinə görə, qeyd olunan məsələlərlə əlaqədar oxşar müzakirələrin aparılmasına ciddi ehtiyac var: "Həmin formatda aparılan səmimi müzakirələrin əhəmiyyəti danılmazdır. Bu müzakirələr çox vacib və olduqca faydalıdır".
Şəbnəm Mehdizadə
