Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Aygün Qarayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplnana iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə mart ayının 1-i rayonun Talalar kəndində baş verib. 33 yaşlı Aygün Qarayeva yaşadığı evin həyətyanı sahəsində “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası 59 yaşlı Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Məlahət Qarayevaya Balakən Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Ancaq hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Şəbnəm Mehdizadə
