İmişlidə dələduzluq etməkdə etməkdə təqsirləndirilən Vüqar Qafarov və Bahadur Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə İmişli rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub. V.Qafarov və B.Qafarova qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınınb.
Şəbnəm Mehdizadə
