Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Malik Qədimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı iyulun 5-nə təyin olunub.
Qeyd edək ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. O, Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən olunub. M.Qədimova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
