Artıq bir neçə gündür ki, vəkillər "Elektron Məhkəmə Sistemi"nin işləməməsindən şikayət edirlər. Bayram günlərindən yaranan bu problemin hələ də davam etdiyi, "Elektron Məhkəmə Sistemi" vasitəsilə iddia ərizəsi, şikayət və s. göndərməyin mümkün olmadığı bildirilir.
Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, "Elektron Məhkəmə Sistemi"nin fəaliyyətində hər hansı problem yoxdur, sözügedən problem "Asan İmza" xidmətindən qaynaqlanır.
"Ötən gün bizə daxil olan şikayət əsasında apardığımız araşdırma ilə müəyyən olundu ki, "Asan İmza"da problem yaranıb. Ona görə də sistemə "Asan İmza" ilə daxil olan vəkillər və ya digər vətəndaşlar məlumat yerləşdirməkdə çətinlik çəkirlər. Biz aidiyyəti üzrə məlumat verdikdən sonra bu problem aradan qaldırıldı. Lakin dünən axşamdan bu problem yenidən baş verir. Hazırda bununla bağlı iş gedir, problemi aradan qaldırmağa çalışırlar", – deyə idarə rəisi bildirib.
A.Səmədzadə onu da deyib ki, "Elektron Məhkəmə Sistemi"nə elektron imza ilə daxil olan şəxslər rahatlıqla məlumatları əlavə edə bilirlər: "Onların müraciətlərini daxil etməsində heç bir problem yoxdur".
Şəbnəm Mehdizadə
