"Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənənələrimizin möhkəmlənməsinə önəmli töhfə verib Xüsusilə bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm bir addım olub: Konstitusiya ölkənin siyasi mədəniyyətinin tərkib hissəsi kimi onun funksionallığının əsasını təşkil edir. Konstitusiya həmçinin ölkənin ən ali qanunu olmaqla, demoratik cəmiyyətdə hüquq və azadlıqların sərhədlərini də müəyyən edir. Konstitusiyanın aliliyini qorumaq işini Konstitusiya Məhkəməsi yerinə yetirir. Konstitusiya Məhkəməsi bu funksiyanı yerinə yetirməklə ölkədə demokratik təsisatların, konstitusionalizmin və insan hüquq və azadlıqlarının keşikçisi rolunu oynayır. Ölkəmizdə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi və s. kimi önəmli səlahiyyətlərə malik ilk xüsusi məhkəmə təsisatıdır".
İ.Kərimov qeyd edib ki, son dövrlərdə məhkəmə sahəsində aparılan qanunvericilik islahatları ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib: "Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu təcrübə hüquqi müəyyənliyi təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə, eləcə də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir. Bu baxımdan Konstitusiya Məhkəməsi səlahiyyət və vəzifələrinin əsasını təşkil edən Konstitusiyanın və qanunların şərhi ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəaliyyətinə öz müsbət təsirini göstərəcək".
