İki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun icrratına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi magistralının Goranboyun Borsunlu kəndindən keçən hissəsində baş verib. Belə ki, “Toyota Rav-4” və "Mercedes CLS" markalı minik maşınları yolun kənarında dayanıblar. Bu zaman Goranboy rayon sakini 1992-ci il təvəllüldü Abbas Abbasov idarəetdiyi "Mercedes" markalı minik maşını ilə üzü Bakı istiqamətdə olarkən idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə “Toyota Rav-4”ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Abbas Abbasova qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
