Məzmuna keç

Ali Məhkəmənin sədri: “Məhkəmə-hüquq islahatları sahibkarlığın inkişafına müsbət təsir göstərir”

"Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması" çərçivəsində sahibkarlarla görüş zamanı deyib.

Onun sözlərinə görə, son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib, nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib.

"İslahatlar bununla yekunlaşmır. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək. Cənab Prezidentin dediyi kimi, məhkəmə islahatlarının başlanğıcı var, sonu yoxdur.
Düzdür, baxmayaraq ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur. Buna görə də sizlərlə dialoq aparırıq. Dialoq isə daimi olmalıdır. Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq.

O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır, məsələn – məhkəmə orqanlarının səmərəliliyin gücləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və mübahisələrin alternativ həlli institutlarının yaradılması, bu istiqamətdə də dövlət öz üzərinə düşənləri edir və bundan sonra da edəcək. Bildiyiniz kimi, qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu təcrübə hüquqi müəyyənliyi təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə, eləcə də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir.

Bununla yanaşı ölkəmizdə mübahisələrin alternativ həlli istiqamətində də tədbirlər görülür. Mediasiya institutu yaradılıb və onun inkişafı üçün işlər görülür. Eyni zamanda arbitraj institutunun formalaşdırılması istiqamətində də işlər aparılır. Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına da öz müsbət təsirini göstərir", – deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə