Məzmuna keç

Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub

Xəbər verdiyimiz kimi, ABŞ-nin Florida ştatında  “Learjet 60” tipli şəxsi təyyarənin yaşayış massivinə düşməsi nəticəsində 9 nfər həlak olub.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, faciə nəticəsində həyatını itirənlər arasında “Retention.com” və RB2B texnologiya şirkətlərinin təsisçisi Adam Robinson, həyat yoldaşı Helen Şarp və onların iki azyaşlı övladı da yer alıb.

Məlumata əsasən, Texas ştatındakı Austin-Bergstrom Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə Baham adalarındakı North Eleuthera Hava Limanına uçurmuş. Lakin yerli vaxtla saat 12:50 radələrində Palm Biç dairəsi yaxınlığında yerləşən Cresthaven yaşayış massivinə düşüb.

Zərbənin ardınca güclü partlayış qeydə alınıb. Təyyarənin dağıntıları alovlanaraq yanmağa başlayıb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi hadisə zamanı təyyarədə olan 9 nəfərin hamısının öldüyünü açıqlayıb.

Hadisədən sonra qəza yerinin ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Mümkün təhlükənin qarşısını almaq məqsədilə yaşayış massivində yaşayan təxminən 600 nəfər ərazidən təxliyə edilib.

Şəbnəm Mehdizadə