Cənubi Koreyanın Şeonqju şəhərində su basmış tuneldən 13 nəfərin cəsədi çıxarılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər tuneldə nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan şəxslərin cəsədlərini çıxarıb.
Rəsmilər sel sularının yeraltı keçidə axması nəticəsində 15 avtomobilin tuneldə qaldığını açıqlayıblar. 685 metrlik tuneldə neçə nəfərin köməksiz vəziyyətdə qaldığı hələ də məlum deyil.
Cənubi Koreyanın Müdafiə Nazirliyi təbii fəlakətlə mübarizə əməliyyatlarına 472 hərbi qulluqçu və xeyli sayda texnika göndərildiyini açıqlayıb.
Qeyd edək ki,Cənubi Koreyanın Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Qərargahından verilən açıqlamaya görə, leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı 37-yə yüksəlib, 10-dan çox adam isə itkin düşüb. Ölkənin 13 əyalətində ümumilikdə 7866 nəfər təxliyə edilib. 20 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb, 561 min heyvan tələf olub. Güclü yağışlar səbəbindən 216 yol nəqliyyat üçün bağlanıb, ölkə üzrə 273 dövlət və şəxsi əmlaka ziyan dəyib.
Şəbnəm Mehdizadə
