Azərbaycanda fəaliyyət göstərən Danimarkaya məxsus neft şirkəti “Maersk Dri̇lli̇ng Services” MMC Sərvər Kərimov adlı əməkdaşının əlilliklə bağlı aylıq ödənişini düzgün ödəməməkdə ittiham olunur.
E-huquq.az xəbər verir ki, bu barədə S.Kərimov özü məlumat verib.
O bildirib ki, şirkətlə bağlı məhkəmədə iddia qaldırsa da, hakim işə xitam verib.
“Mən “Maersk Dri̇lli̇ng Services” şirkətində çalışarkən xəsarət almışam. Bununla bağlı şirkət mənə aylıq ödənişi düzgün ödəmədiyi üçün məhkəməyə müraciət etdim. Məhkəmənin 2019-cu ildə çıxardığı qətnaməni Nəsimi Rayon Məhkəməsinin icra məmuru düzgün icra etmədi. Ona görə də yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim qətnamə qəbul etdi ki, aylıq ödənişin gecikdirilməsi ilə bağlı “Maersk Dri̇lli̇ng Services” MMC hər gecikdirilmiş günə 2% cərimə ödəməlidir. Müstəqil ekspert məndə olan sənədlərlə bağlı rəy verib, rəqəm çıxarıb. Həmin rəqəmin 30%-i müəssisə tərəfindən 2010-cu ildə verilmiş sənədlər üzərində hesablanıb. Lakin sonradan yeni sənədləri müəssisə təqdim etmədi. Buna görə də sənədləri müstəqil ekspertə təqdim etmişik. Ekspert rəyi əsasında Nəsimi Rayon Məhkəməsində iddia qaldırdıq. Hakim Səməd Cəfərov isə 8 aydan sonra işə xitam verdi. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Lakin Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxladı. Nəsimi Rayon Məhkəməsi 8 ay bu işi özündə saxlayıb. Hakim işi əvvəlcə qəbul edib, məhkəmə ekspertizasına göndərib. Lakin hakim məhkəmə ekspertiza üçün qəbul etdiyi qərara məhəl qoymadan, ekspertizanın tələbini yerinə yetirmədən açıq-aşkar işə xitam verdi. Apellyasiya Məhkəməsi isə deyir ki, hakim düzgün qərar verib. Müstəqil ekspertiza mərkəzinin rəyinə əsasən, müəssisə düzgün hesabat aparmayıb, mənə xeyli məbləğdə pul borcludur. Məhkəmə isə işə düzgün baxmır. Bakı Apellyasiya Məhkəməsində ümumiyyətlə baxış olmadı, bizi çağırmadılar da. İndi isə Ali Məhkəməyə şikayət vermişəm. Nəticəni gözləyirəm”.
Nəsimi Rayon Məhkəməsi də vətəndaşın səsləndirdiyi ittihama münasibət bildirib.
“Qeyd olunan mülki iş üzrə Məhkəmənin e-2(006)-3226/2022 saylı, 28.07.2022-ci il tarixli qərardad ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Daha sonra Məhkəmə Ekspertizası Mərkəzindən cavabdeh “Maersk Drilling Services” MMC tərəfindən iş üzrə eskpertiza üçün zəruri olan müəyyən sənədlərin tələb edilməsi barədə məhkəməyə ekspert vəsatəti daxil olmuş, lakin cavabdeh şirkət tərəfindən tələb olunan sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı hər hansı tədbir görülmədiyindən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi verilməsindən imtina məktubu üzrə mülki işin icraatı 06.02.2023-cü il tarixdə təzələnmişdir.
Məhkəmənin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Kərimov Sərvər Kərim oğlunun cavabdeh "MAERSK DRİLLİNG A/S" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.03.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Daha sonra iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3428/2023 saylı 10 may 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair iddiaçı Kərimov Sərvər Kərim oğlu tərəfindən verilmiş ərizə təmin olunmaması və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır”, – deyə məhkəmədən bildirilib.
