Məzmuna keç

Pakistanda terror aktı nəticəsində 3 polis həlak olub

Pakistanın Hayber-Paxtunxva əyalətində hökumət binası yaxınlığında partlayış olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Xeybər bölgəsində rayon administrasiyası kompleksi yaxınlığında törədilən bombalı hücum nəticəsində bir polis ölüb, 8 nəfər yaralanıb.

Rəsmilər partlayışın təsiri ilə uçan divarın altında bəzi insanların qaldığını və onların yaralı olaraq xilas edildiyini qeyd edib.

Qeyd edək ki, son 24 saatda Hayber-Paxtunxvada baş verən hücumlarda 3 polis həlak olub. Ötən gecə Pişəvərdə polis əməkdaşlarına qarşı silahlı hücum nəticəsində 2 polis həlak olub. İyulun 18-də Pişəvərin Həyatabad bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus avtomobilin yaxınlığında hücum olub və 7-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 10 nəfər yaralanıb.

Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk 6 ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb. İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib. Son aylar ölkədə, xüsusən də Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir, Əfqanıstan bunu rədd edir.

Şəbnəm Mehdizadə