"Düşmən son 24 saat ərzində Baxmut istiqamətində Kurdyumovkanın qərbində, Andreevkanın cənubunda və Donetsk vilayətinin Kleşçievkasının qərbində itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər edib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, son sutka ərzində cəbhədə 44 toqquşma olub: "Maryinski istiqamətində müdafiə qüvvələri Maryinka şəhəri ərazisində rus qoşunlarının hücumunun qarşısını almaqda davam edir. Həmçinin Şaxtyorsk istiqamətində düşmən Staromayorskinin qərbində və Urojaynoyenin şimalında itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər edib. Eyni zamanda, Zaporojye istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın daha da irəliləməsinin qarşısını almaq üçün cəmləşdirirlər. Düşmən Zaporojye vilayətinin Qulyaipol, Malaya Tokmaçka, Novodanilovka və Pyatixatki ərazilərinə hava zərbələri endirib".
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, əldə olunan xətlərdə möhkəmlənir.
"İşğalçılar hava zərbələri endirir və Ukraynanın yaşayış məntəqələrini müxtəlif növ silahlardan atəşə tuturlar", – deyə qeyd olunub.
Şəbnəm Mehdizadə
