Məzmuna keç

Banqladeşdə dang qızdırmasından ölənlərin sayı 352 nəfərə çatıb

Banqladeşdə dang qızdırmasından ölənlərin sayı 352 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətləri İdarəsi məlumat yayıb.

Son 24 saatda 2 884 nəfər xəstəxanaya yerləşdirilib ki, bu da 2023-cü il üçün ən yüksək göstəricidir.

Təkcə paytaxt Dəkkədə dang qızdırmasından 276 nəfər ölüb. Bu il təxminən 75 min nəfər dang qızdırması diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Səhiyyə Xidmətləri İdarəsinin rəsmisi Şahadət Hüseyn bildirib ki, 2023-cü ilin iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çox yoluxma qeydə alınıb. O, artımın avqustun ilk həftəsində də davam etdiyini deyib və bu ay daha çox yoluxma olacağını vurğulayıb.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə müşahidə olunan dang qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. Xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Yoluxma halları, əsasən, yağışların çox yağdığı iyun, sentyabr, dekabr və mart aylarında artır.

Şəbnəm Mehdizadə