Yaponiyada “Lan” qasırğası ciddi fəsadlar törədib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında ölkənin ən böyük yarımadası olan Kii yarımadasına çatan “Lan” qasırğası ölkənin müxtəlif bölgələrində, xüsusilə Hyoqo, Osaka, Kyoto və Vakayama əyalətlərində güclü külək və yağışlara səbəb olub.
Rəsmilər güclü külək nəticəsində Hyoqo əyalətində 7, Osaka əyalətində 5, Kyoto əyalətində 3, Vakayama əyalətində 3 və Şiqa əyalətində 2 nəfər olmaqla ümumilikdə 20 nəfərin yaralandığını açıqlayıb.
Qasırğa hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, ölkə daxilində 800 uçuş ləğv edilib. Bəzi stansiyalar arasında bu günə planlaşdırılan bütün sürətli qatar xidmətləri ləğv edilib.
Yaponiya Meteorologiya Agentliyi (JMA) qasırğanın bu axşamdan etibarən Kinki, Şikoku və Çuqoku bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb. Rəsmi şəxslər riskli ərazilərdə yaşayanları daşqın və sürüşmələrə, eləcə də sahilyanı ərazilərdə müşahidə oluna biləcək yüksək dalğalara qarşı diqqətli olmağa çağırıb.
Qeyd edək ki, Yaponiyada təxminən 2 həftədir davam edən “Xanın” qasırğası nəticəsində 2 nəfər ölüb, ən azı 60 nəfər yaralanıb. Bir çox ərazilərə isə maddi ziyan dəyib.
Şəbnəm Mehdizadə
